Teylor Svift ilk dəfə konsertlərinin ləğvi ilə bağlı şərh verib

ABŞ-li müğənni Teylor Svift terror aktı təhlükəsi səbəbindən son günlər Vyanadakı konsertlərinin ləğv edilməsindən ilk dəfə danışıb.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında baş verə biləcək faciənin qarşısını aldığı üçün Avstriya hakimiyyətinə təşəkkür edib.

Avqustun əvvəlində tədbirin təşkilatçısı "Barracuda Music" hüquq-mühafizə orqanlarının potensial terror aktı ilə bağlı xəbərdarlıqlarından sonra Sviftin Vyanada planlaşdırılan üç çıxışının ləğv olunduğunu elan edib.

Avstriya Daxili İşlər Nazirliyi Vyanada böyük bir tədbir zamanı hücum hazırlamaqda şübhəli bilinən 19 yaşlı avstriyalının Ternitsdə saxlanıldığını bildirib. Həmin gün bu istintaq çərçivəsində digər həbslər də həyata keçirilib.