Ahmet Tatlısəsdən miras açıqlaması: "Belə bir şey mümkün deyil"

Türkiyəli müğənni İbrahim Tatlısəsin oğlu Ahmet Tatlısəs atasının mirasını dövlətə bağışlayacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

Sherg.az xəbər verir ki, Ahmet Tatlısəs atasının bu qərarı ətrafındakı insanların təsiri ilə verdiyini iddia edib. Onun sözlərinə görə, övladları, nəvələri və qohumları olduğu halda belə bir addımın atılması mümkün deyil.

Ahmet Tatlısəs atasının səhhətindən də danışaraq müalicəsinin davam etdiyini və son əməliyyatdan sonra tam bərpa olunmadığını bildirib. O, atasına şəfa diləyib.

Qardaşı İdo Tatlısəslə münasibətlərinin gərgin olması barədə iddiaları da təkzib edən Ahmet Tatlısəs, aralarında ciddi problem olmadığını, vaxtaşırı əlaqə saxladıqlarını deyib.

Qeyd edək ki, İbrahim Tatlısəs və Ahmet Tatlısəs arasında uzun müddətdir davam edən münaqişə səbəbindən məhkəmənin qərarı ilə Ahmet Tatlısəsə atasına yaxınlaşmaq qadağan edilib və onun üzərində elektron nəzarət vasitəsi tətbiq olunub.