Məşhur şoumen Mehmet Ali Erbil son olaraq qatıldığı proqramda səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, bir müddət əvvəl evliliyi və boşanması ilə diqqət çəkən Erbil bu dəfə ailə keçmişi ilə bağlı iddiası ilə ön plana çıxıb. Nil Gülsümün proqramına qonaq olan şoumen uşaqlıq illəri və ailəsi barədə səmimi açıqlamalar verib. Ailəsindən yetərincə sevgi görmədiyini deyən Erbil zaman-zaman duyğusal anlar yaşayıb.
Proqram zamanı ailə mənşəyinə toxunan Erbil babasının “şıx nəslindən” olduğunu bildirib: “Rəhmətlik babam şıx nəvəsi idi, mənim soyum da təbii ki, ora gedib çıxır”.
Aparıcı Nil Gülsümün “O halda siz də peyğəmbər nəslindən gəlirsiniz” sözlərinə Erbilin razılıq verməsi qısa müddətdə gündəm olub.
Onun bu açıqlamaları sosial şəbəkə istifadəçilərini iki yerə bölüb. Bəzi istifadəçilər iddianı dəstəkləsə də, digərləri tənqidi yanaşıb.
Qeyd edək ki, Erbilin kökləri Rize bölgəsinə dayanır. O, tanınmış aktyor Saadettin Erbilin oğludur. Daha əvvəl də ailə keçmişi ilə bağlı müxtəlif iddialarla gündəmə gələn şoumenin bu açıqlaması yenidən müzakirələrə səbəb olub.