Dümanın dua etdiyi Azərbaycan incisi: O artıq həm də dünyanındır
Ümumdünya İrs Komitəsi bu qərarı nə vaxsa verməliydi. Gecikmişdi, əslində. Və nəhayət iyulun 7-də qurumun 43-cü sessiyasında qərar verildi. Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu,Azərbaycan elə bir tarixi məkandır ki, bu siyahının uzanacağı sirr deyil.Şəki xan srayı sözün həqiqi mənasında dünyanın ən mahir tikililərindən biridir. Əgər dünyanın yeddi möcüzəsinin sayının 10-a qaldırmaq mümkün olsaydı, saray mütləq 10-luqda yer alardı.
***
…1957-ci ildə Azərbaycana qonaq gələn böyük türk şairi Nazim Hikmət Şəki Xan sarayını ziyarət edir. O zaman yenidən bərpa edilən memarlıq möcüzəsini görən şair heyrətini gizlədə bilmir. “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi" deyir.
Amma Nazim Hikmətdən çox-çox əvvəllər də sarayı ilk dəfə görənlər heyrətlərini gizlətməmişdilər.
Qafqaz Komandanı Aleksey Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış “Şəki əyalətinin təsviri”ndə (Tiflis, 1866) bütövlükdə saray kompleksinin təsviri verilmişdir. Həmin hesabata əsasən kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkündür. Həmin diyarda olmuş general N.N.Rayevskiy 1826-cı ildə yazır: “...Orada yerləşən həmin diyarın keçmiş xanlarının sarayı haqqında Baxçasaray sarayı yalnız zəif təsəvvür yaradır...”
1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviç Qubadan qardaşına məktub yazmışdı. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətinin özünün hakimi olduğunu qeyd edən Korniloviç sarayı belə təsvir edir:
“Nuxada, əsas şəhərdəki qalada onların indi iş yerinə çevrilmiş sarayını gördüm. Bir neçə pilləkən və hündür portik bağ salınmış geniş dördbucaqlı həyətə aparır: qeyri-adi simmetriya ilə düzülmüş on altı italyan qovağı bağı dörd xiyabana bölür. Bağın kənarlarında saray əyanları, xanın həyat yoldaşları, onların qulluqçuları və digər qulluqçuların yaşadığı fligel binalar yerləşir; onların arxasında bir yarım insan boyu hündürlüyündə terrasa, həmin terrasada iki böyük çinarla əhatə olunmuş üç fəvvarəli hovuz, hovuzun arxasında isə saray binası yerləşir. Saray tərk edilmiş olsa da, daxildən keçmişin saxlanılmış möhtəşəmliyi ilə görənləri valeh edir. Mən, dar, qaranlıq, daş pilləkənlə (ümumiyyətlə Asiyanın hər yerində pilləkənlər çox pisdir) keçərək bütün rəng çalarlarının əks olunduğu qəbul otağına keçdim, həmin otağın sağ və solunda divar yerinə qoz ağacı və kiçik rəngli şüşələrdən yığılmış ən incə naxışlarla bəzədilmiş pəncərəli otaqlar yerləşir”.
1849-cu ildə yazıçı A. Zisserman Şəki şəhərinə səfər edir. Şəhər haqqında danışarkən, o, sarayı da xatırlayır. O, qeyd edir ki, ağlayan söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzəklə, qapı və pəncərələrdəki taxta oymaları “xan dəbdəbəsi və sarayın keçmiş möhtəşəmliyini xatırladır.”
Saray İlya Berezinin 1850-ci ildə nəşr olunmuş “Dağıstan və Zaqafqaziyaya səyahət” adlı kitabında da xatırlanır. “Qafqaz” qəzetinin 1852-ci ildə çıxarılmış 22-ci nömrəsində Divan bəy tərəfindən sarayın təsviri çap edilmişdir.1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma da saray haqqında bəzi məlumatlar verir. “Bu sarayda dünyaya göz açmış”, “sonuncu Nuxa xanının” nəvəsi olan və “böyük knyazların köçməsindən sonra burada yaşamağa başlamış” mayor Məhəmməd xanla görüşündən danışan Düma, həm də “yalnız 1827-ci ildən...rusların hakimiyyəti altına keçmiş” saray binasının özünü də təsvir edir:
“Bu tipdə olan bütün binalar kimi, xan sarayı da şəhərin ən yüksək yerində inşa edilib. Yeni memarlığa xas saray, 1792-ci ildə Məhəmmədhəsən xan tərəfindən inşa etdirilmişdir...Saray heyranedici tikilidir. Bu tikilini və onun gözəl işləmələrini yalnız fırça təsvir edə bilər. Burada yaşamış böyük knyazların gəlişi tərəfinə sarayın interyerləri köhnə təsvirlər əsasında bərpa edilmişdir. Düzdür, bütün bina yox, yalnız onun aşağı mərtəbələri bərpa olunmuşdur...Hələlik, qoy Tanrı Nuxadakı heyranedici sarayı vandallardan qorusun”.
Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı “Qafqaz müharibəsi” adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən, xan sarayını da qeyd edir. O, sarayı “şərq sibaritinin nümunəvi yaşayış yeri” adlandıraraq yazır ki, burada hər şey “qəribə, orijinal fars zövqü ilə işlənmişdir: ağlayan söyüdlərlə əhatə olunmuş mərmər hovuz, incə pəncərələrdəki rəngarəng şüşələr, güzgü hissələrindən yığılmış tavanlar, qapılar, karnizlər, pəncərə və otaq sobalarını bəzəyən mükəmməl yapma naxışlar”.
Əslində bu siyahını çox uzatmaq olar. Bu unikal tikintinin ərazisi 300 kvadratmetrdir. İkimərtəbəli sarayın 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvanı var. Sarayda xalq təsviri sənətinin bir çox növləri, maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə quşların təsviri həkk olunan naxışlardan ibarətdir. İndiyə qədər beş dəfə bərpa edilən Şəki Xan sarayı mərkəzdə böyük salon və salonun hər iki mərtəbəsindəki dəhlizlərə bitişik yan otaqlardan ibarətdir. Şəki Xan sarayının əsas özəlliyi isə binanın inşasında mismar və yapışqandan istifadə edilməməsidir.
Bunu Hüseyn xan Müştaq memar Zeynal Abdulladan şəxsən özü tələb etmişdi. Təkcə sonuncu fakt onun Ümumdünya İrs Siyahısına salınmasını çoxdan haqq edirdi. Azərbaycan prezident cənab İlham Əliyevin dediyi kimi:
“Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”.Və bu münasibətlə doğrudan da Azərbaycan xalqına təbrik düşürdü…