"Qafqaz İslam Ordusunun bizi xilas etməyə gəldiyini necə inkar etmək, necə danmaq olar?! Bunu inkar etməyin yalnız bir adı var – Allahsızlıq"
"Azərbaycanı və xalqımızı məhv olmaqdan xilas edən Nuru paşanı və Qafqaz İslam Ordusunu qaralamağa çalışmaq olduqca təhlükəli tendensiyadır”. Bunu “Sherg.az”a açıqlamasında tarixçi-alim Boran Əzizli deyib.
Tarixçinin sözlərinə görə, insanların böyük əksəriyyətində bayram əhval-ruhiyyəsi olsa da, 15 sentyabr günü lazımı səviyyədə qeyd olunmur:
“Bugün səhər Universitetdə iki mühazirəm var idi. Hər ikisində dərsin 10 dəqiqəsini məhz Bakının xilas edilməsi gününə həsr etdim. Məsələ ondadır ki, Azərbaycan dövlətçilik tarixi eramızdan əvvəl 3000-2000-ci minillikdən başlayır. Cümhuriyyətə qədər yaradılmış heç bir dövlətin adı Azərbaycan, paytaxtı Bakı olmayıb. Tarixdə ilk dəfə paytaxtımızı Bakı edən Məhəmməd Əmin Rəsulzadə və silahdaşları olub. Ona görə də biz onlara minnətdar olmalıyıq. Eyni zamanda Azərbaycanı, paytaxt Bakını yadelli düşmənlərdən, erməni-rus bolşeviklərindən xilas edən türk mehmetciklərinin fədakarlığını unutmaq vicdansızlıq, Allahsızlıq olar. Bizə köməyə gəlmiş türk qardaşlarımızı minnətlə yad etmək mənəvi borcumuzdur. Bakını öz Vətənlərinin paytaxı bilən bütün Azərbaycanlılar Qafqaz İslam Ordusunu və Nuru paşanı dərin minnət hissi ilə anmalıdır. Başqa cür düşünənlər, bunun əksini iddia edənlər çox yanlış yoldadır. Onların fikirlərinin doğru olmadığını bir tərəfə qoyuram. Hesab edirəm ki, o cür düşüncə sahibləri Azərbaycan xalqına düşmən mövqedə dayanırlar”.
Alim Qafqaz İslam Ordusu ilə bağlı maraqlı bir hadisəni də bizimlə paylaşıb:
“Birinci Cahan Savaşı dönəmində erməni və rusların Qars, Ərdahan, Iğdır və Ərzurumda törətdikləri vəhşiliklər nəticəsində evsiz-eşiksiz, valideynsiz qalan uşaqların bir qismi Azərbaycana gətirilmişdi. Onlar Azərbaycanda ayrı-ayrı ailələrə yerləşdirilmişdi. Bir qismi isə Gəncədə idi. Nağı Şeyxzamanlı yazırdı ki, 1918-ci ildə Osmanlı ordusu Gəncəyə girəndə bütün əhali onları qarşılamağa çıxmışdı. Nuru paşanın ordusunu qarşılayarkən uşaqlardan biri ata deyib qışqırdı və sonra məlum oldu ki, Azərbaycana gələnlər arasında o uşağın doğma atası da var. Təsəvvür edin, ata Qarsda, Iğdırda öz qohum-əqrəbası, ailəsi ilə qalmayıb, zülmə məruz qalmış, qız-gəlinləri əsir edilmiş Azərbaycanlı qardaşlarına köməyə gəlib. İnsan bu hadisəni oxuyanda türkləri biz-biz olur. Qafqaz İslam Ordusunun bizi xilas etməyə gəldiyini necə inkar etmək, necə danmaq olar?! Bunu inkar etməyin yalnız bir adı var – Allahsızlıq”.
B.Əzizli vurğulayıb ki, Nuru paşa Bakıya girəndən sonra şəhərdəki zülmün, dəhşətin və qanunsuz əməllərin qarşısını almaq istiqamətində bir sıra sərt tədbirlər görüb:
“Əlbəttə, hər bir fəaliyyətin müəyyən nöqsanları ola bilər. Ancaq heç bir mənimsəmədən, qarətdən söhbət belə gedə bilməz. Kiçik nöqsanları hansısa formada şişirtmək, başqa don geyindirmək çox yanlış hərəkətdir”.
Qeyd edək ki, 101 il bundan öncə, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Azərbaycan hökuməti və xalqı tərəfindən hərtərəfli dəstəklənən Qafqaz İslam Ordusunun hərbi qüvvələri Gəncə ermənilərinin tərksilah edilməsində, hərbi tapşırıqların icrasında misilsiz şücaət göstəriblər. Əfsuslar olsun ki, hər il xilaskar Qafqaz İslam Ordusunun, xüsusən Nuru paşanın fədakarlığına kölgə salmağa cəhdlər də edilir. 15 sentyabr ərəfəsində və həmin gündə bir qrup təxribatçı sosial şəbəkədə, bir sıra saytlarda Qafqaz İslam Ordusunun guya Bakını “işğal” etməsini iddia edərək, Nuru paşanın əhalidən “zorla pul yığdığını”, “camaatı qarət etdiyini” ortaya atırlar.