Bugün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan “Türk ocağı”nın bərpası konfransı keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri, professor Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun direktoru, professor Mustafa Balcı, Türkiyədən gəlmiş 10-ya yaxın elm adamı, millət vəkilləri və media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin aparıcısı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Türk ocağı”nın bərpaçılarını təqdim edib.
Çıxışlardan öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib və ardınca “Türk ocağı”nın yaranması ilə bağlı sənədli film nümayiş etdirilib. Qeyd edək ki, Azərbaycan “Türk ocağı”nın bərpaçıları - millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Qənirə Paşayeva, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə təmsilçisi, Uluslararası İlişkilər və siyasi elmlər doktoru İrfan Çiftçi, Azərbaycan-Türkiyə İş Adamları Birliyi başqanı Cemal Yanğın, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əli bəy Hüseynzadənin varisi Cəmilə Hüseynzadə, Əhməd Cavadın nəvəsi Anar Axundzadə, Abdulla Şaiqin nəvəsi Ülkər Talıbzadə, “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktorunun birinci müavini Yusif Nəzərlidir.
Tədbirin sonunda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bərpaçılar tərəfindən Azərbaycan “Türk ocağı”nın başqanı seçilib. Həmçinin, qurumun nizamnaməsinin hazırlanmasına və fəaliyyət istiqamətinin müəyyən edilməsinə qərar verilib.
Məlumat üçün onu da əlavə edək ki, Azərbaycan “Türk ocağı”nın eyni adlı saytı və dərgisi də fəaliyyət göstərəcək.
P.S. Az sonra tədbirlə bağlı ətraflı yazı dərc olunacaq.