23 fevral hardan sənin bayramın oldu? – “Qırmızı ordu”nun yaranması gününü qeyd etmək vətənə xəyanətdir

Ölkəmizdə bəzi qruplar 23 fevralı Qızıl Ordunun  yaranması günü kimi qeyd edirlər. Həmin şəxslər buna "əsl vətənpərvər oğlanların bayramı" adını da veriblər. Bu günlərdə valideynlərdən biri 23 fevral üçün sinifdə pul yığaraq oğlanlara hədiyyə alınması təklifi verib. Bir çox valideynlər də bu fikri "əla" hesab ediblər.

26 iyun kimi Silahlı Qüvvələr günümüz olsa da, məktəb vaxtına düşmədiyi üçün oğlanlar və oğlan valideynləri, eyni zamanda 8 martda qızlarına hədiyyə istəyən bəzi valideynlər 23 fevralı hələ də qeyd edirlər. Təəssüf ki, 23 fevralı oğluna bayram günü kimi aşılayan valideynlər arasında Qarabağdan məcburi köçkün düşmüş insanlar da var. Hansı ki, onların qaçqın həyatı yaşamasının bir səbəbi də indi bayram kimi qeyd etdikləri 23 fevral tarixində yaradılmış sovet ordusunun müstəsna xidmətləri olub. 



Dilavər Əzimli: “Bir də görəcəyik ki, həmin məktəblərdə 28 Aprel gününü də “Azərbaycanın xilası” günü kimi qeyd edəcəklər”


Baş verənlərlə bağlı fikirlərini Sherg.az-la bölüşən tarixçi-alim Dilavər Əzmli bildirib ki, əslində “Qızıl ordu”nun adı  “Qırmızı ordu”dur. 

Onun sözlərinə görə, bu ordu bizim faciələrimizin birbaşa iştirakçısıdır:

“Qırmızı ordu” həm də işğalçı olub və zabit heyətində çoxlu sayda erməni var idi. Bu işğalçı ordu Azərbaycanı qan gölünə döndərdi. Müstəqil dövlətimizin varlığına son qoydu. “Qırmızı ordu” rəhbərliyi milli vətənpətərvərlərimizi heç bir məhkəməsiz divara dirəyib güllələdi”. 

Tarixçi vurğulayıb ki, belə bir ordunun yaranma gününü qeyd etmək milli dövlətçiliyimizə ən böyük xəyanətdir:

“Ola bilsin ki, 23 fevralı qeyd edənlərin çoxu bunu dərk eləmir. Çünki bizdə vətənpərvərlik təbliğatı zəifdir. Belə olsaydı, bu günü bayram kimi qeyd edən olmazdı. Doğrudan da dəhşətdir. Həm də, bu, günün məktəblərdə qeyd olunması, faciədir. Həmin məktəb direktorları, müəllimləri bu gün barədə şagirdlərlə söhbət aparmayıbmı? Belə məktəblərdə Mübariz İbrahimov yetişə bilməz. Bir də görəcəyik ki, həmin məktəblərdə 28 Aprel gününü də “Azərbaycanın xilası” günü kimi qeyd edəcəklər. Ölkədə rusdilli məktəblər göbələk kimi artır. Bu cür halların önünü mili qüvvələrin iştirakı ilə ala bilərik. Ölkədə vətənpərvətlik istiqamətində təbliğatı hər gün gücləndirmək lazımdır. Onda vəziyyət dəyişə bilər. Əks halda, daha da manqurtlaşma gedəcək”.