“...Təcili bu ölkəni tərk etməlisən. Rəsulzadəni “persona non qrata”elan etdilər”
“Bu mövzuda danışanlar gərək əvvəlcə tarixi yaxşı öyrənsinlər, sonra danışsınlar”
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib. Məgər Rəsulzadənin təkcə adı bu fikirlərin təxəyyül məhsulu olduğunu isbatlamaq üçün kifayət deyilmi?
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, xalq rəssamı Rəis Rəsulzadə “Sherg.az”a açıqlamasında Paşinyanın bu ittihamlarına cavab verib:
“Rəsulzadənin bütün fəaliyyəti azərbaycançılıqla bağlıdır. O, heç vaxt faşist ideologiyasını qəbul etməyib. Düzdür, babam Almaniyada olub. Hətta ona əməkdaşlıq da təklif ediblər. Amma Rəsulzadə razılaşmayıb. Babam tamam başqa səbəblərlə Almaniyaya gedib. Rəsulzadə legionerlər qarşısında çıxış edərkən bildirmişdi ki, siz ancaq öz vətəniniz uğrunda mübarizə apara bilərsiniz, sizin başqa xalqlarla işiniz yoxdur. Belə olduqda ona 24 saat vaxt vermişdilər ki, sən təcili şəkildə Almaniyanı tərk etməlisən! Beləliklə, Rəsulzadəni “persona non qrata” (“arzuolunmaz şəxs”-red.) elan etdilər. Bu mövzuda danışanlar gərək əvvəlcə tarixi yaxşı öyrənsinlər, sonra danışsınlar”.
Rəis Rəsulzadənin fikrincə, bu cür şayələri təbii qəbul etmək lazımdır:
“Hələ keçən əsrin ikinci yarısından onun faşistlərlə əməkdaşlıq etdiyini deyirlər. Başa düşmək lazımdır ki, ermənilər düşməndir və zərbə vurmaq üçün bütün yollardan istifadə etməyi özlərinə məqbul bilirlər. Biz düşmənlərimizə tutarlı cavab verməliyik. Bos-boş danışıqlara yox, sənədlərə inanmaq lazımdır. Fransa Strateji Araşdırmalar İnstitutunun professoru Georgi Mamulya bu sərsəm fikri səsləndirənlərə çox tutarlı cavab verib. O, Qaragin Nijde ilə Rəsulzadəni müqayisə edərək, kimin kim olduğunu göstərib”.