Tədqiqatçı: “Rəsulzadə 1932-ci ildə “İstiqlal” qəzetində faşistləri pisləyib... " - FAKT

“...Onları bolşeviklərlə eyniləşdirib. Paşinyan belə bir adam necə Q. Nijde ilə müqayisə edilə bilər?!”

“Rəsulzadə bütün ömrü boyu öz ideologiyasına xidmət edib-“İnsanlara hürriyət, millətlərə istiqlal” devizi ilə yaşayıb” 



Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin banisi (AXC) Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib.  Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.

Bu  yaxınlarda sosial mediada Paşinyanın babasının faşistlərlə əməkdaşlıq etməsi ilə bağlı sənədlər yayılmışdı. Görəsən, bu həmin məlumatlara cavabdır? Deyəsən, baş nazir bu yolla özünə bəraət qazandırmaq istəyir. 

 Tarixçi-alim, Məhəmməd Əmin Rəsulzadə irsinin tədiqatçısı, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu “Sherg.az”a açıqlamasında Paşinyanın fikirlərində ciddi səhvlərin olduğunu deyib: 

“Çünki Rəsulzadə heç vaxt faşistlərlə əməkdaşlıq etməyib. Onun yeganə məqsədi II dünya müharibəsində əsir düşənləri azad etmək idi. Tarixi faktlara görə, 70 min insan həmin müharibədə əsir düşmüşdü. Rəsulzadə danışıqlar yolu ilə təkcə azərbaycanlıları yox, həm də digər millət nümayəndələrini, o cümlədən yəhudiləri azad edib.

Amma yenə deyirəm ki, o, almanlara xidmət etməyib. Heç bir rütbəsi, statusu da yox idi. O, yoldaşları ilə birlikdə ictimai qurum-milli Azərbaycan komitəsini yaradıb. Və ancaq bu yolla missiyasını yerinə yetirməyə çalışıb. Rəsulzadə Şərq nazirliyinin Qafqaz şöbəsinin sədri ilə danışıqlar aparırdı ki, onun da xanımı türk olub.

Özü də əvvəllər xeyli müddət Türkiyədə yaşayıb. Həm də Rəsulzadə Almaniyada yaşamayıb. O, Rumıniyada yaşayırdı. Türkiyənin buradakı səfirliyi ona kiçik bir ev vermişdi. Hərdən bir danışıqlar üçün Almaniyaya gedir, sonra geri qayıdırdı. Yalnız müharibə bitdikdən sonra birdəfəlik Almaniyaya getdi. Yəni Rəsulzadənin almanlarla heç bir siyasi əməkdaşlığı olmayıb.

O, əsirləri xilas etmək məqsədilə yalnız humanitar danışıqlar aparıb. Biz necə Qarabağ savaşında əsir götürülənləri xilas etmək üçün çalışanlara qəhrəman kimi baxırıqsa, Rəsulzadəni də həmin gözlə görməliyik. Bu dahi insanın onlardan heç bir fərqi yoxdur”. 

 N.Yaqublunun sözlərinə görə, Rəsulzadəni Qaragin Nijde ilə müqayisə etmək yolverilməzdir:

“Bəli, Nijde faşistlərlə əməkdaşlıq edib. O, SS cəza dəstəsində xidmət edərək yüzlərlə insanın qatilinə çevrilib. Bu səbəbdən də 1945-ci ildə həbs edilib. Ömrünün sonuna kimi Rusiyanın Vladamir bölgəsindəki həbsxanada qalıb. Rəsulzadə isə müharibə başa çatdıqdan sonra Almaniyada da, Türkiyədə də sərbəst gəzib. Çünki o, təqsirkar deyildi. 1932-ci ildə “İstiqlal” qəzetində dərc etdirdiyi məqaləsində faşistləri pisləyib, onları bolşeviklərlə eyniləşdirib. Paşinyan belə bir adam necə Q. Nijde ilə müqayisə edilə bilər?! Rəsulzadə bütün ömrü boyu öz ideologiyasına xidmət edib-“İnsanlara hürriyət, millətlərə istiqlal” devizi ilə yaşayıb". 

Professorun fikrincə, heç də bütün almanlar faşist olmayıblar:

“Məgər Sovet dönəmində yaşayan hamı kommunist, bolşevik olub ki? Əlbəttə, yox. Ona görə də bütün almanlara faşist demək düzgün deyil. Hətta onların arasında faşizmə nifrət edənlər də var idi”.