1918-1920-ci illərdə ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunmuş “Azərbaycan” qəzetindəki materiallar milli müstəqillik tariximizin tam mənzərəsinin ortaya qoyulması baxımından böyük əhəmiyyət daşıyır.
Qəzetin səhifələrində Azərbaycan hökumətinin qərarları, parlament üzvlərinin çıxışları, bölgələrdə və paytaxtda baş verən hadisələrin təfərrüatları və təhlilləri, xatirələr, Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlərlə münasibətləri və sair məlumatlar əksini tapıb.
ADA Universitetindən bildiriblər ki, azərbaycanlı filoloqlar – Türkiyǝnin Mǝrmǝrǝ Universitetinin dosenti Mehdi Gǝncǝli vǝ Azad Ağaoğlu “Azərbaycan” qəzetini (1918-1920) müasir əlifbaya transliterasiya edərək çoxcildlik şəklində çapa hazırlanması tǝşǝbbüsü ilə çıxış ediblər. Qəzetin bütün nömrələrinin müasir əlifbaya köçürülmǝsi, çətin anlaşılan söz və ifadələr lüğəti, qeyd və izahlar, xüsusi adlar göstəricisinin ǝlavǝ edilmǝsi ilə nəşrǝ hazırlanması nǝzǝrdǝ tutulur. Cümhuriyyət dövrü tarixinin öyrənilməsi üçün çox vacib olan bu nəşr tarixçilər, filoloqlar, mətnşünaslar, mənbəşünaslar və digər mütəxəssislərlə yanaşı, yaxın tariximizlə maraqlanan hər kəs üçün qiymətli və etibarlı bir məxəz olacaq.
ADA Universitetinin rəhbərliyi və elmi heyəti bu təşəbbüsü müsbǝt qarşılayaraq, müxtəlif mərhələlərdə layihəni dəstəkləmək niyyətində olduqlarını bildiriblər.
Bu tǝşǝbbüs çǝrçivǝsindǝ “Azərbaycan” qəzetinin 1919-cu il 28 may tarixli “bayram nömrəsi” transliterasiya olunaraq ictimaiyyətə təqdim edilib.