“Toponimlərimiz də erməni təcavüzünə məruz qalıb”

“Bununla da Ermənistan tərəfindən təkcə işğal olunmuş ərazilərdə yerləşən 300-dək coğrafi ad dəyişdirilərək erməniləşdirilib”



“Bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ona görə də toponimlərimiz haqqında ictimaiyyətimiz, xüsusilə gənc nəsil daha məlumatlı olmalıdır”. 
Bu fikirləri “Sherg.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, cənab Prezidentin Tərtərə səfəri zamanı rayon ictimaiyyəti ilə görüşündə toponimlər məsələsini diqqətdə saxlaması hər bir Azərbaycan vətəndaşı, xüsusilə tarixçilər qarşısında mühüm vəzifələr qoyur:

“İndiki Ermənistan ermənilərin yox, türk mənşəli tayfaların yaşadığı ərazi olub. Buna görə də 1826-1828-ci ilə qədər bu ərazidəki yaşayış məntəqələrinin hamısının adı türk mənşəlidir. 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülüb. 1893-1895-ci illərdə isə indiki Ermənistana 900 min erməni köçüb. Yalnız bundan sonra İrəvan quberniyasında ermənilərin sayı azərbaycanlıların sayından çox olub. Ermənilərin növbəti addımı türk mənşəli toponimləri dəyişdirmək olub. Bəzi adları tərcümə ediblər, bəzilərinə yeni erməni adları qoyublar”.

V.Rəhimzadə qeyd edib ki, toponimlərin dəyişdirilməsi ilə bağlı müəyyən tədqiqatlar aparılsa da, bütün bunlar yetərli deyil:

“Bu sahədə tədqiqat işlərinin davam etdirilməsi və gənclərə çatdırılması həm tariximizin qaranlıq səhifələrinə işıq salınması, həm də Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından əhəmiyyətlidir. Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsi çərçivəsində irəli sürdüyü əsassız iddialara tutarlı cavab vermək üçün müdafiə olunmaq yox, əks-hücuma keçmək lazımdır. İşğalçı Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialarının əsassız olduğunu göstərməyin təsirli yollarından biri də ermənilərin bu diyara köçürüldüklərini və burada olan toponimləri sonradan dəyişdirmələrini sübut etməkdir. Bugünkü Ermənistan ərazisindəki
toponimlərin nəşr olunan xəritələrdə və digər sənədlərdə Azərbaycan mənşəli adlarının göstərilməsi yaxın tariximizin unutdurulmaması baxımından da vacibdir”.

Baş redaktor bildirib ki, xalqımıza məxsus toponimlərin dəyişdirilməsi məsələsi araşdırılıb və bəlli olub ki, Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb:

“Bununla da Ermənistan tərəfindən təkcə işğal olunmuş ərazilərdə yerləşən 300-dək coğrafi ad dəyişdirilərək erməniləşdirilib. Ermənistan tərəfindən Azərbaycan toponimlərinin saxtakarlıq yolu ilə dəyişdirilməsi və müxtəlif üsullarla uydurma erməni adları ilə əvəz edilməsi bir neçə üsulla baş verib. Göründüyü kimi, Ermənistan təkcə Azərbaycanın torpaqlarına deyil, eyni zamanda, tarixinə, toponimlərinə də təcavüz edib. Azərbaycan mənşəli coğrafi adların düzgün şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün daha əzmlə mübarizə aparılmalıdır. Müntəzəm olaraq saytlarda Ermənistan tərəfindən təcavüzə uğrayan Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı yayılan saxta informasiyalar haqqında müvafiq qurumlara vaxtında məlumat verilməlidir. Onların sıradan çıxarılmasına qarşı müntəzəm surətdə tədbirlər görülməlidir. Bu işdə əlbəttə ki, mətbuat nümayəndələrinin və tarixçilərin üzərinə daha böyük məsuliyyət düşür”.