Tarixçi-alim - “Gücümüzü tədbirlərə yox, Şuşanın qaytarılmasına yönəldək” 

“Şuşa ilə bağlı çoxlu sayda filmlər çəkilməlidir. Çünki nəyisə 100 dəfə desən elə də xeyri yoxdur, amma görüntü effektiv olur”



Azərbaycanın "Kiçik Paris"i, "Qafqazın sənət məbədi", incənətimizin "beşiyi" olan qədim Şuşa şəhərinin əsasının qoyulmasından 270 il ötür. Millət vəkili Aqil Abbas Şuşanın yaranmasının 270 illiyi ilə bağlı tədbirin keçirilməsini təklif edib.
Onun sözlərinə görə, Qarabağ xanlığının və Şuşanın tarixinə laqeydlik edilir:
“Bu il Şuşanın yaranmasının 270 illiyi tamam olur. Bu məsələ gündəmə gəlməlidir. Tariximizə qarşı bu qədər laqeydlik olmaz. Mən burada əyləşən deputat həmkarlarımı da bu məsələdə aktivlik göstərməyə çağırıram. Xahiş edirəm xanım Sədr siz də bu məsələni qaldırasınız”.



Qarabağ tarixi ilə bağlı laqeydlik olmadığını düşünən tarixçi-alim Kərəm Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, son dövrlərdə çoxlu əsərlər yazılıb:

“Tarix İnstitutu nə qədər yeni əsərlər çap etdirib. “Kürəkçay” müqaviləsinin ildönümü ilə bağlı da xüsusi toplu nəşrlər oldu. Daha yaxşı olar ki, gücümüzü tədbirlərə yox, Şuşanın geri qaytarılmasına yönəldək. Çox vaxt deyirik ki, torpaqlarımız qayıtsın. Torpağın ayağı yoxdur ki, geri qayıda, onu gərək bizlər qaytaraq. Şuşa ilə bağlı tədbirləri də elə etmək lazımdır ki, onu unutmasınlar və özümüzünkü hesab etsinlər”.

Tarixçi Şuşa ilə bağlı çoxlu sayda filmlərin çəkilməli olduğunu düşünür:

“Çünki nəyisə 100 dəfə desən elə də xeyri yoxdur, amma görüntü effektiv olur. Bu günə kimi Azərbaycan Kinemotoqrafiyası Qarabağ mövzusunda cəmi 2 film çəkib: biri “Fəryad”, digəri “Dolu”. Gücümüzü film çəkilişinə, Şuşanın qaytarılmasına verməliyik. Əlbəttə tədbirlərin də əleyhinə deyiləm”.