“1991-ci ildə, ovaxtkı Ali Sovetin - bizim indi daxili interyerini dəyişən Milli Məclisimizin binasına daxil olanda bir vaxtlar onu sürəkli alqışlarla qarşılayanların əvəzinə başsız ayaqları ilə etiraz edənləri görəndə Heydər Əliyevin hesabına karyera qazanan qocaman bir deputat irəliyə çıxıb bax, bu salonda mənəvi Ustadına dönüklüklə demişdi: iki dövrün qəhrəmanı olmaq mümkün deyil! Söhbət əlbəttə, Sovetlər birliyi və müstəqil Azərbaycanın bir-birindən fərqli formasiya olmasından gedirdi. Lakin Heydər Əliyev sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur.Yetər ki, sənin özünün böyük idealların olsun!”
Bu sözləri Milli Məclisin bugünkü iclasında İnsan Hüquqaları Komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, 1993-cü ilin 15 iyunu Azərbaycan Heydər Əliyevin əli ilə xilas oldu: “Ötən 27 ildə milyonlarla insanımız bu haqda danışır, yazır, göstərir. O vaxtlar hələ “Daş yuxular”ı görməyən və Prezident Sarayında - rəhbər qarşısında Birinci şəxsə xeyli təriflər yağdıran yazıçı Əkrəm Əylisli böyük hərflərlə yazırdı ki, Azərbaycan “xaos diktaturası”ndan xilas oldu. Həqiqətən beləydi. İndi həmin əsəri tapıb yenidən çap eləmək lazımdır ki, gerçək tarix və əlyazmalar yanmasın!”
Komitə sədri deyib ki, Sovet rejimini çökdürdüyünü iddia edən milli Cəbhəmiz “üç ildə üç dəfə hakimiyyət”i dəyişməyə məcbur edəndən sonra özləri də kiçik bir əyalətə çəkilib Dövləti öz sahibinə qaytardılar: “Əbülfəz Elçibəyin bütün həyatı boyu məcburən də olsa, ən düzgün addımı məhz bu qərarı olmuşdu. Lakin Heydər Əliyevin Bakıya qayıdışı təkcə 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildəki Cümhuriyyətimizi, Üçrəngli Bayrağımızı, Demokratik Respublikanın qurucu liderləri olan Rəsulzadəni, Xoyskini, Topçubaşovu da xilas etdi. Ən sonda indi sağ qaldıqları üçün böyük liderə borcunu onun ruhu ilə döyüşməklə qaytaran Elçibəy ardıcıllarını da ölümdən qurtardı. Heydər Əliyev istəsəydi, nüfuzunun ən yüksək çağında yeni bayraq, yeni himn və yeni gerbin arxitekturasını cızardı. Lakin fenomen tarixi şəxsiyyət kimi o, əsrin əvvəli və sonunu varisliklə birləşdirdi, bütün ugur və məğlubiyyətləri ilə bərabər Cümhuriyyəti, həmçinin tarixi-siyasi və sovet keçmişimizin arasında körpülər saldı, dövlətçilik tariximizi sarsılmaz bağlarla bütövləşdirdi, üzərində yeni dövlət qurdu”.
“Ovaxtkı hadisələrin baş qəhrəmanı Surət Hüseynov 27 illik susqunluqdan sonra indi müsahibə verir və onu hərbi qəhrəmandan xalq düşməninə çevirən demokratlara qəzəbini yağdırır, onları öz adı ilə çağırır. Adam bir anlıq düşünür ki, nə yaxşı ovaxtkı Cəbhə iqtidarı minlərlə vətəndaşımız kimi Ermənistana əsir düşməyiblər, yoxsa, tarixdə olduğu kimi onları hansı adla çağırardılar?
Məğlubiyyətlərini qələbə, faciələrini nailiyyət kimi təqdim edən qüvvələrin Heydər Əliyevin hakimiyyətə gəlişinə nəzəri olaraq, mane olmaq imkanları vardı: bundan ötrü bircə yol mövcud idi-dövləti qurmaq və qorumaq. Lakin ilahi ədalət o missiyanı Heydər Əliyevə nəsib etdi. Rəsulzadə və silahdaşları dövləti qurmaq istəyirdilər, gücləri çatmadı, Elçibəy istəyirdi dövlət qursun, bacarmadı.
Dövlət-İnsan Heydər Əliyevsə gəldi, gördü və qurdu! Bax bu salon şahiddir ki, məhz xalqın qəzəbi və nifrəti qarşısında 13 iyun 1993-cü ildə istefaya getməyə məcbur olan İsa Qəmbər əgər gerçəkdən də Elçibəyin varisidirsə, gərək gedib Ulu öndər qarşısında təzim etsin. Çünki Heydər Əliyev Xalq Cəbhəsinin rəhbərlərini bütünlüklə polkovnik Surət Hüseynova girov düşmək təhlükəsi və rüsvayçılığından qurtarmamışdı, eləcə də Elçibəyin dəfn törəninə qatılıb böyük Partiarxa xas müdrikliklə özünü ona siyasi rəqib sayanlardan yerlə-göy qədər uca olduğunu nümayiş etdirmişdi. Qoy indi Elçibəyin davamçıları gedib Fəxri Xiyabanda öz borclarını qaytarsınlar”. –deyə, O bildirib.
Parlament üzvü onu da ifadə edib ki, 15 iyun tarixi yalnız bir günə və bir ilə - 1993- cü ilə məxsus deyil: “Heydər Əliyevin haqq etdiyi keçici Qırmızı bayraqlarla 1969-1984 illərin sovet Azərbaycanının dünyəvi dövlətçilik yönündə parlaq quruculuğunu təşkil edən minlərlə uğurlu təqvim günləri də bu günkü müstəqil dövlətimizin üzərində ucaldığı təməllər-fundament olub. Heydər Əliyev əsrlərin və nəsillərin arzusu olan dövlət quruculuğu missiyasını gerçəkləşdirməklə, 90-cı illərdə cəmi “bir illik hakimiyyətləri ilə necə iqtidar olmaq olmaz” sualına birdəfəlik cavab verdi. Neft müqavilələrindən dövlət çevrilişlərini durduranadək, dövlətin Ana qanununu yazandan bir milyon yaxın qaçqın-köçkünləri yerbeyer edənədək 15 iyun xilaskarlığını davam etdirdi. İndi çoxları sual edir: nə üçün insanlar 1991-ci ildə Bakıdakı hakimiyyətləri qoyub kiçik bir avtonom respublikaya üz tuturdular?! Bunun cavabı çox sadədir. Çünki o vaxt məhz Dövlət-Adam: Heydər Əliyevin şəxsiyyətinə görə Bakı deyil, Naxçıvan Azərbaycanın siyasi paytaxtına çevrilmişdi. Bəli, mənəvi hakimiyyət kimdədirsə, faktiki rəhbərlik də Ondadır! 1993-cü ildə sadəcə xalqımız onu hüquqi cəhətdən rəsmiləşdirdi”.
Komitə sədri çıxışının sonunda bildirib ki, bütün həyatı boyu Heydər Əliyevi iki qüvvə müşayiət edib: “Mütləq qalibiyyət və labüd məğlublar. Doğrusu məhz ona görə də belə bir tarixi deyim var - dahilər doğulanda nadanlar ona qarşı birləşir. Şəxsi uğurunu daim millətlə bölüşən, onu xalqın adına yazan böyük lider heç vaxt ağrılarını toplumun üzərinə qoymadı. Əsli həqiqətdə Heydər Əliyevin şəxsi düşmənləri olmayıb. Dövlətə, millətə, azadlığımıza, ugurumuza qənim kəsilən hər kəs Heydər Əliyevə qarşı kin küdurət bəsləyib. Lakin Ulu öndərə münasibət obyektiv tarixi gerçəklikdir, o subyektlərin rəyindən asılı deyil. Hakimiyyət birinciliyində Əliyev soyadlı şəxs olmayanda da Heydər Əliyev xilas etdiyi Azərbaycan dövləti onun silinməz adı ilə yaşamaqda davam edəcək.
17 ildir prezident İlham Əliyev 15 iyundan başlanan yolu-müstəqilliyin əbədi və dönməz xəttini uğurla davam etdirir. Biz inanırıq ki, yaşadığımız hazırki dünyəvi təhlükədən çıxdığımız gün təqvimdə 15 iyunun növbəti uğurlu təkrarı olacaq!”