“Nə qədər ki müstəqil Azərbaycan dövləti və xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq”
“15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Həmin dövrün hadisələrinin şahidi olanlar, çətinliyini yaşayanlar üçün bu tarix sözün əsl mənasında qurtuluş, Azərbaycan xalqının ölüm-dirim mübarizəsində qalibiyyətin başlanğıcı tarixidir”.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib:
Baş redaktor qeyd edib ki, 15 İyun-Milli Qurtuluş Günü hər bir azərbaycanlıya milli qürur, iftixar hissləri bəxş edən gündür:
“Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi tənəzzüldən xilas etdi. Digər tərəfdən, torpaqlarmızın işğalına son qoyuldu. Bir sözlə, xalqımız ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla gələcəyə, perspektivlərə doğru səfərbər oldu”.
V.Rəhimzadə vurğulayıb ki, sabitliyi hər bir ölkənin inkişafının əsası kimi önə çəkən Ümummilli Lider ölkədə daxili sabitliyin yaradılmasına səy göstərdi:
“Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi. Bu mühüm amil isə ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin tərəddüdlərinin aradan qaldırılmasını şərtləndirdi. Ümummilli Liderin “acıq qapı” siyasəti Azərbaycana yeni-yeni dostlar, tərəfdaşlar qazandırdı”.
V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana bir-birindən əhəmiyyətli ugurlar qazandırıb:
“ “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi və siyasi nüfuzunun artmasında, yeni-yeni layihələrin gündəmə gətirilməsi əsasında əməkdaşlığımızın coğrafiyasının genişləndirilməsində mühüm rol oynadı. Artıq bu gün Azərbaycan beynəlxalq əməkdaşlığın nümunəsi olan Cənub Qaz Dəhlizinin reallaşmasında fəal iştirakı ilə dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri ilə diqqətdədir.
Son 16 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə YAP inkişaf edir, yeni-yeni hədəflərin gerçəkləşməsinə böyük töhfələr verir. YAP tariximizə qələbələr partiyası kimi daxil olub və bu mövqeyini ölkəmizdə keçirilən seçkilərdə qazandığı uğurlarla daha da möhkəmləndirir”.
Baş redaktor onu da bildirdi ki, illər keçdikcə ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin nə qədər böyük olduğu aydın görünür, bu yolun hələ qarşıdakı illərdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracağı inamla qeyd edilir:
“Müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. 15 iyun 1993-cü ildən başlanan inkişaf dövlətçilik tariximizin şanlı səhifələrini təşkil edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il Azərbaycanın davamlı uğurları fonunda yüksək əhval-ruhiyyə ilə qeyd edir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq”.