Bir neçə gün sonra- iyunun 15-də növbəti bir əlamətdar tarixi- Milli Qurtuluş gününü qeyd edəcəyik. 1997-ci ildən bayram elan olunan bu tarix məhz Ümümilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1993- cü il iyun ayının 15- də Ulu Öndər Ali Sovetin sədri seçildi. Bununla da, Azərbaycan tarixində yeni bir mərhələnin əsası qoyuldu.
Bu tarixi günlə bağlı "Sherg.az"a danışan millət vəkili, tarix elmləri doktoru Musa Qasımlı bildirib ki, iyunun 15-dən sonra anarxiya sabitliklə əvəz olundu:
"XX əsrdə Azərbaycan xalqının gələcək taleyini müəyyənləşdirən və millətimiz mövcud olduqca daim yaşayacaq bir sıra tarixi günlər mövcud olub: 1918-ci il may ayının 28-də Azərbaycan Cümhuriyyətinin qurulması; həmin ilin sentyabrın 15-də Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi; 1990-cı il noyabrın 17-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Cümhuriyyətimizin üçrəngli bayrağının rəsmi dövlət bayrağı olaraq qəbul edilməsi; 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpa edilməsi və 1993-cü il iyunun 15-də Azərbaycan dövlətinin dağılmaqdan xilas edilməsi.1993-cü ilin 15 iyun tarixindən 27 il keçir.
1997-ci ilin iyun ayında Milli qurtuluş günü bayramı elan edilən bu günün mahiyyətini dərk etmək və müvafiq nəticələr çıxararaq ibrət almaq müstəqil dövlətimizin ötən illərdə keçdiyi yolu, mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək baxımından vacibdir. Bundan ötrü ilk növbədə 15 iyunadək olan ictimai-siyasi şəraitə və ondan sonrakı illərdə həyata keçirilən tədbirlərə nəzər yetirmək zəruridir.
Elə isə 15 iyunadək Azərbaycanda daxili ictimai-siyasi şərait və ölkənin xarici siyasətinin ümumi mənzərəsi necə idi? Həm daxili, həm də xarici siyasət ürəkaçan deyildi. Vəziyyət getdikcə gərginləşirdi.
Belə bir şəraitdə Azərbaycanın üzünə gün doğdu. Məhz Heydər Əliyevin Ali Sovetin sədri seçilməsindən sonra ölkəmizin üzərindəki qara buludlar çəkildi. O, Azərbaycanı dağıntıdan, böyük bir fəlakətdən xilas etdi. Odur ki, biz bu tarixi günü unutmamalı, Ümümilli lider daim yad etməliyik".