“Ulu Öndər milli dövlətçiliyimizin təməl daşını qoydu” 

“Ümummilli Liderimiz gərgin əməyi ilə  pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi”


Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı 15 İyun Qurtuluş günü ilə bağlı xatirələrini “Sherg.az”la bölüşüb. 
O ilk növbədə 15 İyunun tarixi əhəmiyyətindən  və müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib:
"Azərbaycanın fəlakətli dövründə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz anarxiya və parçalanmadan, milli dövlətçiliyimizin məhv olma təhlükəsindən, erməni qəsbkarlarının genişmiqyaslı işğalından xilas etdi:
Xatirimdədir,  o zaman mənim 10 yaşım var idi. Atam proseslərin tam içərisində olduğuna görə mən  AzTV və Ans TV - ni diqqətlə izləyirdim. Bir tərəfdən erməni işğalının törətdiyi ağır nəticələr - şəhid, köçkün, itkin xəbərləri, başqa tərəfdən isə daxili parçalanma, ərzaq qıtlığı, çörək çatışmazlığı kimi acınacaqlı vəziyyət hökm sürürdü. Bir sözlə, Azərbaycan ağır günlərini yaşayırdı. Belə bir ağır durumda ümidsiz qalan xalqımız vəziyyətdən çıxış yolunu yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Bakıya qayıtmasında görürdü. Ən çətin məqamlarda xalqımızın çağırışına səs verən və Azərbaycanın taleyinə biganə qalmayan xalqımızın nadir tarixi  şəxsiyyətlərindən olan Heydər Əliyev 09 İyun 1993 - cü ildə Bakıya gəldi və İyun ayının 15 - də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Və beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu".


Günay xanımın sözlərinə görə, Ulu Öndərimizin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük faciələrdən xilas oldu və milli dövlətçiliyimizin təməl daşı qoyuldu: 

-Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi ilə  pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi, Konstitusiyamız qəbul edildi və milli dövlətçiliyimizin əsası olan hüquqi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirildi, dünya iqtisadiyyatına inteqrasiyası yolunda ciddi addımlar atıldı, aparıcı dövlətlər və Beynəlxalq təşkilatlarla yüksək səviyyədə əlaqələr quruldu. Məhz bu təməl üzərində Azərbaycanımız artıq dünyada ciddi söz sahibinə çevrilən ölkələrdən biridir.

Ulu Öndərimizin "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sözləri andımıza çevrilib. Onun yaratdığı müasir Azərbaycan hər birimizin qürur mənbəyidir!

Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirəm. Şərəf Tariximiz 
Mübarək!