“Heydər Əliyev çağdaş tariximizə dövlətçiliyin qurucusu kimi daxil olub"

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

15 İyunun tarixi əhəmiyyətindən  danışan millət vəkili Müşfiq Cəfərov deyib ki, 1991-1993-cü illərdə respublikamız müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Deputatın sözlərinə görə, həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı:



"Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil olub".

Deputat ümummilli lider Heydər Əliyevin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsi olduğunu vurğulayıb:" Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atılıb".

M.Cəfərov onu da deyib ki,  bu mərhələdə  Ulu öndərin  Azərbaycan üçün ən böyük xidməti  onun müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi olub: 

"Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratıb.  

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayıb. 

Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub. Onun  rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat və vicdan azadlıqları bərqərar olunub".  

"Bu gün Ulu Öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən cənab İlham Əliyev son 17 ildə Azərbaycanın güclü, dinamik inkişaf edən və bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən nüfuzlu tərəfdaş kimi qəbul edilən bir dövlətə çevrilməsini təmin edib. 

Son illərdə respublikamızın hüquqi dövlət quruculuğu sahəsində fəaliyyət imkanlarının genişlənməsi ilk növbədə dinamik iqtisadi uğurlarla şərtlənir. 

Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi, ölkəyə xarici investisiya axınının sürətlənməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, regionların tərəqqisi, cəmiyyətdə işgüzar maddi fəallığın pozitiv nəticələri ölkənin maliyyə imkanlarının artmasında özünü göstərir.

 İqtisadi sahədə keçid dövrünün başa çatması, dövlətçilik sütunlarının möhkəmlənməsi respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun genişləndirilməsini ciddi tələb kimi önə çıxarır.

Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi və Heydər Əliyev ideyalarından qaynaqlanan uğurlu siyasət sayəsində Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq"-deyə millət vəkili əlavə edib.