Bir çox dostlarım məndən təkidlə həmkarım Vasif Qafarovun Space TV-nin “Sadə həqiqətlər” verilişində çıxışına münasibət bildirməyi istəyirlər. Əlbəttə, dostum və iş yoldaşım Vasif müəllimin (biz EA-da bir şöbədə çalışırıq) həmin verilişdə səsləndirdiyi bir çox fikirlərin sonra yumşaq desək, heç də birmənalı qarşılanmayacağı və geniş rezonans doğuracağı onun özünə də bəlli idi. Zatən qərəzli və odioz verilişin aparıcısının məqsədi dəməhz bundan ibarət idi. Zənnimcə, Vasif müəllim ona yönəlik suallara və gileylərə özü cavab verə bilər və verməlidir. Bizə gəldikdə isə, düşünürəm ki, geniş əks-səda yaratmış həmin məsələləri fb səhifələrində və tv kanallarında deyil, daha münasib şəraitdə öz aramızda müzakirə etmək imkanımız olacaqdır. Təki lənətə gəlmiş bu koronovirus bəlası başımız üzərindən tez bir zamanda yox olub getsin. Həm də ümid edirəm ki, o zaman məsələləri daha soyuqqanlı və emosiyasız müzakirə etmək imkanı olacaqdır. Hələlik isə bəzi mülahizələrimi sizinlə bölüşmək istəyirəm:
Tarixçinin professionallığı hətta kiçik bir ərazidə baş vermiş hadisəni belə əlahiddə deyil, həm həmin dövrün şərtləri ilə üzvi əlaqədə, həm də qlobal aspektdə, dünyada cərəyan edən proseslər kontekstində təhlil etmək bacarığı ilə müəyyənləşir. Bu zaman tədqiqatçı tədqiq etdiyi məsələlərə münasibət bildirərkən mümkün qədər yaşadığı dövrün şərtlərinin fövqündə dayanmağı bacarmalı, əlində olduğu faktlara “mütləq həqiqət” kimi baxmamalıdır. Vaxtilə mənə universitetdə dərs demiş S.V.Plujnikov öyrədirdi ki, tarixçi yalnız müəyyən faktlar əsasında hökm çıxarmamalıdır. Faktlarlehinədəolabilər, əleyhinədə (факты могут быть “за”, а могут быть и “против”).
Biz istəsək də, istəməsək də etiraf etməliyik: XVIII əsrin sonlarından başlayaraq “Erməni məsələsi” dünya siyasətinin əsas məsələlərindən birinə çevrilmişdi. Xüsusən İkinci Dünya müharibəsi illərində böyük dövlətlər bu məsələdən öz maraqlarını təmin etmək üçün fəal şəkildə istifadə etməyə çalışırdılar. Antanta dövlətlərinin Türkiyə ilə bağlı planlarında “Erməni məsələsi” başlıca yer tuturdu.
Hətta “Erməni məsələsi”nin daha çox toxunduğu Rusiya və Osmanlı imperiyaları bu məsələnin onların maraq və mənafelərinə daha az ziyan vurması şərti ilə həllinə ümid bağlayırdılar. Osmanlı dövləti “Erməni məsələsi”nin Rusiyanın hüdudları daxilində -Cənubi Qafqazda, Rusiya isə əksinə, Osmanlı imperiyasının ərazisində həllində maraqlı idilər. Təsadüfi deyil ki, hər üç (Çar, Müvəqqəti hökumət, Sovet) Rusiya hakimiyyətləri müharibə dövründə Osmanlılardan alınmış ərazilərdə ermənilərə muxtariyyət verilməsini nəzərdə tutan qərarlar qəbul etmişdilər (Çarın 1916-cı il iyulun 5-də təsdiq etdiyi “Müharibə qaydalarına uyğun olaraq tutulmuş Türkiyə ərazilərinin idarə edilməsinə dair Müvəqqəti əsasnamə”, Müvəqqəti hökumətin 26 aprel tarixli «Türkiyə Ermənistanını idarə edilməsi haqqında” qərarı və Sovet hökumətinin 29 dekabr 1917-ci il tarixli “Türkiyə Ermənistanı haqqında” dekreti). Hətta sinfi mübarizə şüarını öz ideologiyasının əsas qayəsi hesab edən bolşeviklər belə ermənilərin müstəqil dövlət yaratmaq ideyalarını dəstəkləyirdilər. Nəinki dəstəkləyirdilər, hətta bu ideyanın gerçəkləşdirilməsi üçün xüsusi dövlət təsisatı – Ermənilərin işləri üzrə komissarlıq yaratmışdılar.
Osmanlı hökumətinə gəldikdə isə o da “Erməni məsələsi”nin ermənilərə dövlət qurumu yaradılması formasında həllinin qaçılmaz olduğunu qəbul edirdi. Lakin onlar bunun Cənubi Qafqaz ərazisində baş tutacağına ümid edirdilər. 1917-18-ci illərdə Rusiyada baş vermiş hadisələr, Qafqaz cəbhəsinin dağılması, Transqafqaz dövlətçiliyinin təşəkkül tapması bu ümidlərin reallaşmasına əlverişli şərait yaratmış oldu. Müharibənin digər cəbhələrində uğursuzluqlarla üzləşən türklər hərbi vəziyyəti öz xeyirlərinə dəyişdirmək üçün heç olmasa Cənubi Qafqazda sabitliyi bərqərar etməklə bu istiqamətdə mümkün təhlükələrin, o cümlədən ermənilərdən gələn təhlükənin zərərsizləşdirilməsinə çalışırdılar. Bunun mümkün yollarından biri kimi ermənilərə dövlət yaratmaqda kömək göstərilməsi nəzərdən keçirilirdi.
Bu məqsədlə də 1918-ci ilin martından başlayaraq istər Zaqafqaziya Seyminin, istərsə də Cənubi Qafqazın hər üç millətinin nümayəndələri ilə danışıqlarda erməni muxtariyyətinin yaradılmasına israr edirdilər. Hadisələrin bu cür inkişafı bizim zərərimizə idimi? Ola bilər. Lakin Osmanlı hakimiyyəti ilk növbədə öz maraqlarından çıxış edirdi. Xüsusən Batumda davam etdirilən Osmanlı-Cənubi Qafqaz danışıqlarında bu meyl özünü daha açıq göstərməyə başlamışdı. Türklərin ermənilərə dövlət yaratmaları üçün Cənubi Qafqazda – Azərbaycan ərazisində torpaq ayrılması ilə bağlı təklifləri artıq tələb və təzyiq şəklini almışdı.
Bütün bunları dərk etmək üçün əslində hər hansı arxiv sənədinə istinad etməyə elə bir ehtiyac da yoxdur. Həmin dövrdə rusların, almanların, ingilislərin, fransızların, iranlıların, amerikalıların, hətta italyanların belə bizim regionla, Azərbaycanla, Bakıyla bağlı öz planları var idi və onların hər biri buradan mümkün qədər yekə və yağlı tikə qoparmağa çalışırdılar. Hətta Azərbaycan milli hərəkatının siyasi güc mərkəzi olan Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası da Erməni dövlətinin yaradılmasının labüd olduğunu, Cənubi Qafqazda millətlərarası sülhün təmin edilməsi üçün Gürcüstan, Azərbaycan və Ermənistanın federasiya və ya konfederasiya şəklində birləşməsini zəruriliyini bildirirdilər. Bunu Fraksiyanın aprel-may ayları ərzində keçirilmiş iclaslarının protokolları da təsdiq edir.
Azərbaycan Milli Şurasının İrəvanla bağlı qəbul etdiyi 29 may 1918-ci il tarixli qərarı məhz bu kontekstdən dəyərləndirilməlidir. Məsələyə “Tarixin alternativliyi” prizmasından yanaşsaq tariximizin həmin sınma nöqtəsində Azərbaycanın gələcək inkişafının iki alternativ yolu var idi: 1) Necə deyərlər, iki ayağımızı bir başmağa dirəyib qonşularla hansı nəticələrə gətirib çıxaracağı bəlli olmayan etnik-ərazi münaqişələrə cəlb olunmaq. Bu halda biz milli-dövlətproblemlərimizin həllində yeganə ümid bəslədiyimiz Türkiyənin hərbi yardımından da məhrum ola bilərdik.
Lenindən Qafqazın fövqəladə komissarı səlahiyyətini almış Şaumyanın bolşevik-daşnak qoşunlarının Bakı quberniyasında müsəlmanların soyqırımını törətdikdən sonra əsas hədəfi bütün Azərbaycanı və Cənubi Qafqazı ələ keçirərək bölgəni Sovet Rusiyasına tabe etdirmək idi. Bunun qarşısını almaq üçün isə Azərbaycanın heç bir imkanı yox idi. Bu planın reallaşacağı halda nəinki dünyada Azərbaycan adlı məmləkət olmayacaqdı, bizim bir millət kimi fiziki mövcudluğumuz belə sual altında olacaqdı. Proseslərin bu istiqamətdə inkişafının hansı nəticələrə gətirib çıxaracağını anlamaq üçün heç də Bjezinski olmaq lazım deyil;
2) Müəyyən güzəştlərə gedib Türkiyənin hərbi dəstəyini qazanmaq və millətin siyasi varlığının əsas şərti sayılan dövləti qurmaq və onu ayaq üstə saxlamaq. Tarixin ən tanınmış dövlət xadimlərindən biri olan Otto fon Bismark deyirdi ki, siyasət mümkün olanı etmək məharətidir. Dövrümüzün ən tanınmış demokratı sayılan VatslavHavel isə əksini iddia edirdi: Siyasət mümkün olanı etmək məharəti deyil, mümkün olmayanı etmək məharətidir. Həmin mürəkkəb və seytnot vəziyyətdə M.Ə.Rəsulzadə başda olmaqla Cümhuriyyət qurucuları ikinci yolu seçməklə həm mümkün olanı, həm də mümkün olmayanı etmək bacarıqlarını və əzmlərini ortaya qoydular. Yeri gəlmişkən, İrəvan məsələsini qabardanlar, cümhuriyyətçiləri torpaqlarımızdan imtina etməkdə suçlayanlar nədənsə Azərbaycan Cümhuriyyəti hökumətinin Borçalı, Qarayazı və Sığnaq bölgələrinin faktiki olaraq Gürcüstana güzəştə getməyinin üstünü vurmurlar. Halbuki, İrəvan quberniyasının qəzalarından fərqli olaraq adı çəkilən qəzaların əhalisinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edirdilər. Yada salmaq istəmədiyimiz və ya üstündən sükutla keçdiyimiz daha bir fakt: Milli Şuranın İrəvanla bağlı qəbul etdiyi məlum qərarından cəmi altı gün sonra - 1918-ci il iyunun 4-də Osmanlı Hökuməti ilə Azərbaycan Hökuməti arasında bağlanmış Batum müqaviləsinə görə Azərbaycanla Türkiyə arasında ümumi sərhəd xətti Gilançay boyunca keçməli idi.
Nəticədə Ordubad Azərbaycanda qalır, Naxçıvan və Şərur Türkiyəyə verilirdi!!!. Bəli, bu da Azərbaycana olan təzyiqin bir təzahürü idi. Lakin Cümhuriyyət qurucuları bu güzəştlərə getməklə ən mühüm məqsədə nail oldular: həmin aylarda bölgədə əsas söz sahibi olan Türkiyənin dəstəyini qazanaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardılar. Hadisələrin sonrakı inkişafı onların haqlı olduğunu sübut etdi. Bu zaman onlar yeni dövlətin müstəqillik, demokratik prinsiplər əsasında təşəkkül tapmasına nail oldular, F.X.Xoyskinin dili ilə desək, Azərbaycanın İstanbuldan idarə olunmasına imkan vermədilər.
Cümhuriyyət liderlərinin atdıqları addımların düzgünlüyünü təsdiq edən daha bir mühüm amil: Onlar yaxşı dərk edirdilər ki, müharibənin taleyi artıq həll olunubdur, alman-türk blokunun məğlubiyyəti labüddür. Qalib gələcək dövlətlərin, Antanta ölkələrinin “Erməni məsələsi”nə, Türkiyənin gələcək taleyi məsələsinə münasibəti birmənalıdır. Bunu 1920-ci ildə bağlanmış Sevr müqaviləsi də təsdiq edirdi. Həmin müqavilə faktiki olaraq Türkiyənin müstəqilliyinə son qoyurdu, 150 min. kv. km.-dən artıq əraziyə malik, az qala Anadolunun yarısını əhatə edən, Qara dənizə çıxışı olan Ermənistan dövlətinin yaradılmasını elan edirdi. Gəlin açıq etiraf edək: həmin dövrdə Parisin, Londonun, Vaşinqtonun rahat kabinetlərində oturan siyasətçilərin “Azərbaycan” adlı ölkənin, xalqın mövcudluğunda belə xəbərləri yox idi.
Onların müttəfiqi olan irticaçı rus generalı Denikin Azərbaycan Cümhuriyyətində İranın bir əyalətindən götürülmüş adından tutmuş ərazisinə, dövlətçiliyinə, hökumətinə qədər hər şey süni olduğunu deyirdisə, müharibənin sonunda Azərbaycanı işğal etmiş ingilis qoşunlarının komandanı general Tomson belə ümumiyyətlə, Azərbaycan adlı dövlətin mövcudluğunu inkar edirdisə, qonşu İran Azərbaycan dövlətinin varlığını tanımaqdan inadla imtina edirdisə, görün Azərbaycan nə vəziyyətdə idi. Hətta Türkiyənin xarici işlər naziri Irşad Hikmət bəy Ə.M.Topçubaşovla görüşündə açıq dilə gətirmişdi ki, ermənilərlə ərazi məsələsində dil tapmanız gərəkdir, çünki böyük dövlətlər onları müdafiə edirlər və əks halda ermənilər istədiklərinə nail olacaqlar. Bütün bunlar acı həqiqət idi. Hadisələrin bu istiqamətdə gedişini Azərbaycanın liderləri çox aydın dərk edirdilər. Belə şəraitdə dünya ictimaiyyətini Azərbaycan türklərinin yaratdıqları dövlətin və onun ərazisinin həqiqətən Azərbaycan olduğuna inandırmaq olduqca vacib idi.
Bu iş geniş nəzəri hazırlıqla yanaşı gərgin siyasi və diplomatik fəaliyyət, böyük vaxt tələb edirdi. Mürəkkəb şəraitdə Azərbaycan hökuməti bütün mümkün vasitələrdən istifadə edərək dövlətin suverenliyini təmin etməyə nail oldu. Türk qoşunlarının Azərbaycanı tərk etməsindən sonra Azərbaycan hökumətinin atdığı addımlar, demokratik təsisatlar yaratması, hətta Avropada belə olmayan birgəyaşayış qaydalarını tətbiq etməsi Azərbaycana diş qıcardan bütün qüvvələrin, o cümlədən ermənilərin əlini-qolunu bağladı.Az müddətdən sonra Qərb dövlətlərinin nümayəndələrinin Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etmələri Azərbaycan dövlətçiliyini tanımaqdan imtina edənlərə böyük zərbə oldu. Məhz bu ağıllı siyasət nəticəsində Azərbaycan hökuməti özünün taleyüklü məsələlərində, o cümlədən, Qarabağ, Zəngəzur, Naxçıvan məsələlərində ingilislərin ya dəstəyini qazanmış, ya da onların neytrallaşdırmağa nail olmuşdu. Hesab edirəm ki, Azərbaycan Cümhuriyyətinin ən böyük uğurlarından biri Qarabağ da daxil olmaqla ərazi məsələsinin öz gücünə arxalanaraq həll etməsi, ermənilərin təkidlərinə baxmayaraq bu məsələlərin beynəlmiləlləşdirilməsinin qarşısını almasıdır. (Çox təəssüf ki, sovet müdaxiləsi bu işi axıra çatdırmağa imkan vermədi. Düzdür, Nərimanovun səyləri sayəsində Naxçıvanı, M.Kamalın səyləri sayəsində isə Qarabağı əldə saxlamaq mümkün olsa da Zəngəzuru qoruyub saxlamaq mümkün olmadı. Nəticədə türk dünyası ərazicə parçalandı və bugünkü faciələrimizin əsası qoyuldu).
Yenə təkrar edirəm, bütün bunları cümhuriyyətçilər milli mənafeləri qumara qoymaqla deyil, ölçülüb-biçilmiş siyasətləri, təmkinli addımları ilə əldə etdilər. Bax budur əsil milli təəssübkeşlik, siyasi uzaqgörənlik. Onlar səhvlər etmişdilərmi? Yanlış addımlar atmışdılarmı? Ola bilər. Həmin hadisələrdən 100 il keçəndən sonra bu səhvləri axtarıb tapmaq heç də böyük ağıl tələb etmir. Necə deyərlər, o adam səhv etmir ki, heç nə etmir. Lakin gəlin onların fəaliyyətlərinə bugünkü meyarlardan və şərtlərdən çıxış edərək deyil, yaşadıqları dövrün mürəkkəb təlatümlərini obyektiv dəyərləndirməklə qiymət verək. Konfutsi deyirdi: yeganə əsil səhv öz əvvəlki səhvlərini düzəltməməkdir.
Bu fikirlərimi klaviatura ilə kompüterimə köçürərkən fikirləşirəm: əcəba, görəsən həmin dövrdə bu qədər sarsıntılara məruz qalmış, lakin yenə də ayaqda qalmağı bacarmış ikinci belə bir millət var idimi? Dövləti yox, ordusu yox, xəzinəsi, pulu yox, məktəbi, mətbuatı yox, düşməni çox, dostu yox, ərazisi, paytaxtı da düşmən əlində. Ancaq həmd olsun Allaha ki, o bizə Vilson, Corc, Klemanso, Orlando, Lenin, Çörçill kimi bütün xalqların taleyini həll etmək iddiasında olan dünya nəhənglərinin qarşısında Azərbaycanın təbii hüquqlarını təsbit etdirmiş Topçubaşov, Rəsulzadə, Xoyski, Yusifbəyli və başqa şəxsiyyətlər çıxardı. Özü də bu dühalar buna öz ölkəsinin böyük siyasi, hərbi, iqtisadi, maliyyə gücünə arxalanaraq deyil, intellektləri, dünyagörüşləri, öz xalqının gələcəyinə möhkəm inamları sayəsində nail oldular. Əlbəttə, opponentlərim etiraz edə bilərlər ki, sənin öyündüyün bu dahilər iki ildən sonra satqın dənizçinin bircə ultimatumu ilə hakimiyyəti səssiz-səmirsiz təhvil verdilər.
Ola bilər. Ancaq unutmayaq ki, bu ultimatumun arxasında bir qədər sonra dünyanın iki super gücündən birinə çevriləcək dövlətin hərbi qüvvəsi dayanırdı. Lakin şimaldan gələn bu qüvvənin topu-tüfənginin atəşi belə “Azərbaycan” adlı gerçəkliyi məhv edə bilmədi. Bax budur əsil “sadə həqiqət”! Yerdə qalanlar isə təfərrüatlardır.
Kamran İsmayılov
tarix üzrə fəlsəfə doktoru