“...Məni halal mülkümdə, Ağdamda dəfn edin. Nə Şuşada, nə də başqa yerdə…Məhz Ağdamda”
“Bu, Ağdamın tarixi qiymətindən xəbər verir”
Ağdamın işğalından 27 il ötür. Artıq otuz ilə yaxındır, Dağlıq Qarabağın digər rayonları kimi Ağdama da səsimiz çatmır, ünümüz yetmir…Əslində məsafə elə çox da deyil.
Amma… Bu gün bir neçə saata okeanın o başına getmək bizim üçün daha rahatdır, nəinki tarixi torpaqlarımıza…
Ağdamın işğalı barədə “Sherg.az”a danışan tarixçi-alim Boran Əzizli Dağlıq Qarabağı azad edənədək il sayacağımızı deyib:
“Əlbəttə, belə hadisələri gənc nəslin yadına salmaq vacibdir. Çünki həm də düşmənlərimizi tanıyır və onların torpaqlarımıza susadığını bilir, hər cür təxriabata hazır oluruq.
Əgər il saymaqla kifayətlənmək istəmiriksə, torpaqlarımızı işğaldan azad etməliyik. Aprel, Tovuz döyüşləri təkrarlanmalı və biz bütün cəbhəboyu hücuma keçərək, nəhayət ki, Dağlıq Qarabağa qovuşmalıyıq. Yoxsa, 27 rəqəmi daha da böyüyəcək”.
Alim, həmçinin bu torpaqların tarixi əhəmiyyətindən də danışıb:
“Qarabağ xanlığının banisi Pənahəli xan çox qüdrətli şəxsiyyət olub. O, vəsiyyət etmişdi ki, məni halal mülkümdə, yəni Ağdamda dəfn edin. Nə Şuşada, nə də başqa yerdə…Məhz Ağdamda. Bu, Ağdamın tarixi qiymətindən xəbər verir. Əlbəttə, rayonumuzun işğalı xalqımız üçün çox böyük mənəvi-psixoloji zərbə idi.
Lakin müharibənin bitmədiyini unutmamalıyıq. Müharibə hələ davam edir. Mən illərlə davam edən bu savaşların tarixi ədalətlə bərpa olunacağına inanıram. Tarix heç vaxt haqsız davranmayıb, həmişə hər şeyi yerbəyər edib”.