Azərbaycan 1823-cü ilin Amerika mətbuatında: "Vəba xəstəliyi..."


"Həmişə mənə maraqlı gəlib ki, görəsən Şimali Amerikada ilk dəfə Azərbaycan sözü hansı kitabda, qəzetdə və ya jurnalda yazılıb? Bu gün uzun müddətdir ki, axtardığım suallara qismən cavab tapmağa başlamışam".

Bu sözləri gənc tədqiqatçı Nihat Vəlizadə özünün "Facebook" hesabında yazıb. O, həmçinin sualına cavab tapdığını da bildirib: "Newspapers/com" arxivdən tapdığım məlumata görə, Azərbaycan adı ilk dəfə Cənubi Koralina ştatının Charleston şəhərində nəşr edilən "Charleston Mercury" adlı qəzetdə düz 197 il bundan əvvəl, 1823-cü ilin 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5-20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. XIX əsrin sonları ilə bağlı olan arxiv məlumatlarında isə Azərbaycanla bağlı daha maraqlı məlumatlar mövcuddur. Xüsusi ilə 1918, 1919 və 1922-ci illəri qeyd edərdim. Vaxtım olduqca qarşıma çıxan maraqlı xəbərləri, tərcümə edib paylaşacağam".