"Böyük yanlışlıqdı..."

"Azərbaycan tarixi" fənninin saatının azaldılması gələcəkdə fəsadlar yaradacaq



Tarixçi alimlər ali məktəblərdə “Azərbaycan tarixi” fənninin saatının azaldılmasına etiraz edir. Tarixin strateji məsələ olduğunu vurğulayan alimlərimiz “Tarix, dil və ədəbiyyatımızın tədrisinə dair yeni metodologiyaya münasibət” mövzusunda onlayn konfrans keçirərək təhsildə Azərbaycan tarixinin tədrisi vəziyyətini müzakirə ediblər.



Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli  “Azərbaycan tarixi fənni”nin tədrisi ilə bağlı tarixçilər, tarix müəllimləri bir neçə aydır ciddi narahatlıq keçirdiklərini xatırladıb. Onun fikrincə, Təhsil Nazirliyinin Ali məktəblərə göndərdiyi layihədə “Azərbaycan tarixi” fənninin adı dəyişdirilərək “Azərbaycanın müasir dövlətçilik tarixi” qoyulmuş və qeyri-ixtisas profilli tələbələrə tarixin tədrisi 1918-ci ildən bu yana hesablanmışdı. Azərbaycanın qədim, orta, yeni dövrləri lahiyədən çıxarılmışdı:

"Məsələ ondadır ki, bununla bağlı BAO-nun təşkilatçılığı ilə imza kampaniyası aparılaraq, mütəxəssislərin iştirakı ilə onlayn konfrans keçirildi və ölkə başçısına da müraciət ünvanlandı. Təhsil Nazirliyinə yeni nazir təyin olunandan sonra hamı səbirsizliklə dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edən bu məsələnin həllini gözləyirdi. Amma heç bir nəticə olmadı. Bu günlərdə də isə Təhsil Nazirliyindən daxil olan ayrı-ayrı ixtisaslar üzrə tədris planlarında vəziyyətin dəyişmədiyinin şahidi olduq. Qeyd edək ki, hazırda təqdim olunan tədris planında fənnin adı əvvəlki variantda verilib, amma mahiyyət olduğu kimi saxlanılıb.  Bundan əlavə, tarix fakültələrində də “Azərbaycan tarixi” saatlarını da azaldıblar. Təxminən 315 saatdan 210 saata endiriblər. Qəribədir ki, Təhsil Nazirliyi tərəfindən bu münasibət Azərbaycan dili və ədəbiyyatı, Türk xalqları tarixinə də eyni qaydada tətbiq edilmiş, bu fənlərin də saatları olduqca azaldılıb.

Konfransda çıxış edən tarix elmləri doktoru, professor Zabil Bayramlı, tarix elmləri doktoru, professor Sevda Süleymanova, tarix elmləri doktoru, professor Havva Məmmədova, dosent Firovsiyyə Əhmədova, dosent Boran Əziz, dosent Hacı Həsənov, dosent Faiq Ələkbərli, dosent Mübariz Ağalarlı, dosent Arzu Əşrəf, dosent Elmira Süleymanova və başqa mütəxəssislər bu vəziyyətə kəskin etiraz ediblər. Daha sonra mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılmaq barədə qərar qəbul edilib.

Qərara alındı ki, İşçi Qrup tərəfindən ilkin olaraq yeni Təhsil nazirinə müraciət edilsin və bildirilsin ki, dövlətçiliyimizə ciddi ziyan gətirə biləcək bu tədris planının fəaliyyətinin dondurulması barədə göstəriş versin. Tədris saatları əvvəlki qaydada saxlanılsın.
Eyni zamanda, məsələnin həllini yoluna qoymaq üçün Azərbaycan Respublikasının Prezidentinə, vitse-Prezidentinə və Milli Məclis deputatlarına müraciətlər olunsun. Bunlar fayda verməsə, yaranan İşçi Qrup məsələnin həllindən ötəri Təhsil Nazirliyi rəhbərliyi və Prezident Aparatı əməkdaşları ilə görüşlər keçirməyə nail olsun. 

Qeyd edək ki, ali məktəblərdə  Azərbaycan tarixinin tədrisi 90 saatdan 45 saata qədər azaldılıb. 
Qeyri-ixtisas fakültələrində "Azərbaycan tarixi” fənninin tədrisi 45 saat müəyyənləşdirilib ki, bunun 30 saatı mühazirə, 15 saatı seminardır.  Fakültələrdə tədris oluncaq "Azərbaycan tarixi” fənninin qədim,  orta əsrlər, yeni tarix dövrləri çıxarılıb. Fənnin adı  "Azərbaycanın müstəqil dövlətçilik tarixi” kimi təqdim olunur. 



Məsələ ilə bağlı "Sherg.az"a açıqlama  verən tarixçi-alim Kamran Əsədov  da hesab edir ki,  Təhsil Nazirliyi ali təhsil  müəssisələrində Azərbaycan tarixinə ayrılan dərs saatlarının həcmini azaltmaqla böyük yalnışlığa yol verir. "Azərbaycan tarixi" fənni üçün dərs saatları müəyyənləşdirilərkən tələbələrin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idrak, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmalıdır". 

Ekspertin fikrincə, müəyyənləşdiriləcək dərs saatlarının həcmi Azərbaycan tarixinə dair deklarativ biliklərlə yanaşı, tələbələrə prosedural və kontekstual biliklərin verilməsini də nəzərdə tutmalıdır. Bununla tələbələrin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmalıdır: "Lakin Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş dərs saatlarının həcmi qeyd olunanların həyata keçirilməsinə imkan verməyəcək. 

Azərbaycan tarixinin ali məktəblərdə tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa xidmət edir. Eyni zamanda öz soy-kökünə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə  töhfə verir. 

Bu fənnin tədrisi nəticəsində ali təhsil səviyyəsində Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, müasir dünyada mövqeyi, ölkənin ümumi inkişafı, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur.

 Tələbələrdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlara vətənpərvərlik, milli iftixar hissləri aşılanır.

Hesab edirəm ki, dərs saatları ilə bağlı məsələyə yenidən baxmaq lazımdır. Bu azalmalar, özüdə ki, "Azərbaycan tarixi" kimi strateji fənnin dərs saatlarının azalması gələcəkdə ciddi fəsadları yaradacaq".