Əhməd Cavadın nəvəsindən AÇIQLAMA: “ Danışmışam, skeletlər tam yığılmalıdır ki...”

“...Hansısa nəticələr əldə olunsun”

“Əvvəllər də demişdilər ki, proses qısa müddətdə yekunlaşmayacaq”

“Çünki həmin ərazidə 40-50 adama aid skeletlər var. Bu baxımdan görüləsi işlər çoxdur”



Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov Mikayıl Müşfiqin qalıqlarının araşdırılması istiqamətində işlərin davam etdiyini deyib. Birlik sədri qeyd edib ki, ekspertiza təkcə Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqların araşdırılması ilə məşğul deyil:
“Axtarışlar Mikayıl Müşfiqin adı ilə başlasa da, sonradan əhatə dairəsi genişlənibrepressiya illərində güllələnməyə məruz qalan partiya üzvlərinin, dövlət xadimlərinin, başqa şəxslərin də skeletləri tapılıb.

Onların da adamları ərizə verib cavab gözləyirlər. Artıq ekspertiza təkcə Mikayıl Müşfiqə məxsus olduğu iddia edilən qalıqların araşdırılması ilə deyil, oradan qalıqları tapılan digər şəxslərin də kimliyini müəyyənləşdirməyə çalışır. Müayinələr davam edir, həmin ərazidən yeni skeletlər gətirilir. İstintaq sirri olduğu üçün mən sizə dəqiq siyahını deyə bilmərəm, sadəcə, biləsiniz ki, çoxdur”.

Qeyd edək ki, repressiya qurbanı olmuş şairlərimizdən Əhməd Cavadın da nəşinin Qaradağ rayonun Puta qəsəbəsində olduğuna dair ehtimallar irəli sürülüb. DNK analizi üçün Əhməd Cavadın nəvəsi Anar Axundzadədən müvafiq nümunələr götürülüb.

Analizlərin cavabına dair “Sherg.az”a açıqlama verən Anar Axundzadə bildirib ki, DNK nümunələri götürüləndən bəri yeni xəbər yoxdur:

“Zəng edib soruşmuşam, hələ iş getdiyini bildiriblər. Tam skeletlər yığılmalıdır ki, hansısa nəticələr əldə olunsun. Ümumiyyətlə, çoxdandır ki, bu barədə məlumatım yoxdur.
Düzünü desəm, araşdırma ilə məşğul olan şəxslər də mənimlə əlaqə saxlamayıblar.

Əvvəllər də demişdilər ki, proses qısa müddətdə yekunlaşmayacaq. Çünki həmin ərazidə 40-50 adama aid skeletlər var. Bu baxımdan görüləsi işlər çoxdur”.