"Dedim, yoldaş Brejnev, gör sənə nə çalacam. Yəni yaxşı mahnı ifa edəcəm mənasında demişdim o sözü və bu ifadəm pis qarşılandı"
"Bir də gördüm düz qabağımda bir adam peyda oldu və dedi, aşıq, dilinə qarnına qoy"
"Leonid Brejnevlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görüşmüşük".
"Sherg.az" xəbər verir ki, bu sözləri mərhum ustad aşıq Ədalət Nəsibov 2015-ci ildə tanınmış jurnalist Mirşahın Ağayevə verdiyi müsahibəsində deyib. O qeyd edib:
"Həmin gün artıq mənim səhnəyə çıxma vaxtım idi. Məndən sonra Rəşid Behbudov səhnəyə çıxmalı idi. Sazda bir mahnı ifa etdikdən sonra camaat səhnədən getməyimi istəmirdi, təkrar mahnılar istəyirdilər. Mənə ifa üçün 3 dəqiqə vaxt vermişdilər, vaxtımdan keçmişdi, amma camaat imkan vernirdi ki, səhnədən gedim. Millət zalı dağıdırdı ki, Ədalət saz çalsın. R.Behbudov da dedi ki, a kişilər, camaat bu adamı sevir, istəyir, qaytarın səhnəyə. Bildirdi ki, qoy, Ədalət camaatı razı salsın, sonra mən çıxaram. Belə də oldu".
Ustad onu da əlavə edib ki, Brejniyevlə görüş zamanı "quş" buraxıb, amma sonra onun altından çıxıb:
" "Quş" da o idi ki, dedim, yoldaş Brejnev, gör sənə nə çalacam. Yəni yaxşı mahnı ifa edəcəm mənasında demişdim o sözü və bu ifadəm pis qarşılandı. Bir də gördüm düz qabağımda bir adam peyda oldu və dedi, aşıq, "dilinə qarnına qoy". Bu mühafizəçi yerdən çıxdı, göydən düşdü bilmədim. Ona da izah elədim ki, a kişi, mən yaxşı çalacam deyəndə yaxşı saz havası ifa edəcəm demək istəyirdim. Yenə dedi ki, aşıq, düz əməlli danış. Deyirlər indi internet əsridir bəs bunları tapıb internetdə niyə paylaşmırlar? Paylaşsalar, yaxşı olar".