Tarixi abidələr “can” hayında, məmurlar pul axtarır – Sərt tənqid

“Hər bir tarixi abidə millətin varlığı, onun keçmişi və gələcəyinin yol göstəricisidir”

“Elə xalqlar var ki, olmayan yerdən özlərinə böyük bir keçmiş yaradırlar”

“Özləri üçün yalançı tarix uydururlar. Biz isə gerçək tariximizə sahib çıxa bilmirik”


Göygöl rayonundakı növbəti tarixi abidə məhv olmaq üzrədir. Söhbət rayonun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən Alban kilsəsindən gedir. Bu barədə kənd sakinləri məlumat veriblər. 


Dağılmaq üzrə olan kilsə təxminən 2109 metr yüksəklikdədir. Fotolardan kilsənin hansı vəziyyətdə olduğunu aydın görmək mümkündür. Kilsənin yerləşdiyi yüksəkliyi asfalt yoldan nə az, nə çox 6-7 kilometrlik məsafə ayırır. Tarixi abidənin nə üçün baxımsız qalması barədə isə heç bir məlumat yoxdur. 

Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsidir.  Lakin deyəsən bu amil bizim üçün əhəmiyyət kəsb etmir. Tarixi abidələrimiz göz görə-görə məhv olur. Hətta bu abidələrin yox olması üçün bəzi məmurlar əllərindən gələni əsirgəmirlər. Əlaqədar qurumlar öhdəliklərində olan işdən boyun qaçırırlar. Beləliklə milli dəyərlərimiz və mədəniyyətimiz günü-gündən əllərimizin arasından çıxıb yox olur. Bizə qalan isə sadəcə bu abidələrimizin fotosudur. Milli-mədəni irsimizə olan belə yad, vandal və biganə münasibətin səbəbi nədir? Nə üçün tarixi abidələrimizə sahib çıxa bilmirik?



Suallarımızı cavablandıran tarixçi-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, bu işlə məşğul olan qurumlar və məsul şəxslərin böyük əksəriyyəti belə məsələyə nəinki məsuliyyətlə, heç vicdanla yanaşmır. 

Tarixçi təəssüf hissi ilə vuğulayıb ki, içimizdə olanların çoxu özünə azərbaycanlı deyir. Amma azərbaycanlı olaraq öhdəliklərindəki məsələyə məsuliyyətlə yanaşmırlar:

“Hər bir tarixi abidə millətin varlığı, onun keçmişi və gələcəyinin yol göstəricisidir. Varlığımızı tarixi abidələrimizlə ortaya qoyuruq. Bütün xalqlar belədir. Elə xalqlar var ki, olmayan yerdən özlərinə böyük bir keçmiş yaradırlar. Onlara məxsus olmayan abidələri mənimsəyirlər və saxtalaşdırıb özləri üçün yalançı tarix uydururlar. Biz isə gerçək tariximizə sahib çıxa bilmirik. Sovet dövründəki problemlər bəllidir. Halbuki o dövrdə də ermənilər, gürcülər və başqa xalqlar bu məsələlərdə daha məsuliyyətli olublar.



Amma biz müstəqilliyimizi bərpa etdikdən sonra da bu məsələlərdə problemlər yaşayırıq”. 

F.Ələkbərlinin sözlərinə görə, elə abidələrimiz var ki, bəzi harınlamış məmurlar özlərinə villa tikmək və istirahət güşəsi salmaq üçün  onları məhv edir:

“Göygöldə, Daşkəsəndə, Gədəbəydə, Şəkidə, Qaxda, Qubada və digər rayonlarımızda belə nümunələr çoxdur. Tarixi abidələrimizin məhvinin əsas səbəbi bu işə məsul şəxslərin dövlətin varlığına sahib çıxmaq xüsusiyyətinin olmamasıdır. Problem buradan qaynaqlanır”.

Alim qeyd edib ki, düşmən qüvvələr də tarixi abidələrimizin məhvi üçün müəyyən rola malikdirlər:

 “Bəzi vətəndaşlarımız ancaq var-dövlət  toplamaq arzusu ilə yaşayırlar. Onlar üçün belə abidələrin qorunmasının heç bir önəmi yoxdur. Sadəcə yuxarıdan hansısa göstəriş verilsə, bu işlə məşğul olurlar. Ölkəmizdə hüquqi işlərin başında duranlar hələ də sovet təfəkküründən qurtulmayıblar. Rəhbər vəzifəyə seçilənlərin içində də milli ruh, Azərbaycan kimliyi ya azdır, ya da ümumiyyətlə yoxdur. Ona görə də tarixi abidələrimiz yox olur”.