Azərbaycançılıq ideologiyası ilə yoğrulmuş publisist – Üzeyir Hacıbəyov 

“Millətin, məmləkətin xoşbəxtliyini mətbuatın azad və demokratik olmasında görürdü” 
 
"Özünün də qeyd etdiyi kimi: "Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər!.."


Bu gün böyük şəxsiyyət, Azərbaycan dövlət himninin musiqisinin müəllifi Üzeyir Hacıbəyovun doğum günüdür. O, 1885-ci ilin bu günündə Şuşada anadan olub və XX əsr Azərbaycan tarixində günəş kimi parlayıb. Təəssüf ki, indi çoxları Üzeyir bəyi yalnız musiqişünas kimi tanıyır. Halbuki o, həm də böyük mətbuat fədaisi, görkəmli, istedadlı jurnalist olub. 
 Biz indi Onun və digər silahdaşlarının, qələm yoldaşlarının vaxtı ilə inkişaf elətdirdiyi (bu yol “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabidən başlayır) yolda addımlayır, onlara layiq davamçı olmağa çalışırıq. 



 BDU-nun Jurnalistika fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova “Sherg.az”a açıqlamasında Üzeyir bəyin mətbu fəaliyyətindən danışıb:

“Azərbaycan jurnalistikası tarixində elə şəxsiyyətlər var ki, onların mətbu fəaliyyətlərini araşdırmaqla tarixin konkret bir dövrünün həqiqət və gerçəkliklərini ortaya qoymaq mümkündür. Azərbaycan müstəqillik əldə etdikdən sonra, yəni mənəvi dəyərləri qlobal surətdə yenidən qiymətləndirmə dövründə bu klassiklərə və onların yaradıcılıq fəaliyyətlərinə yenidən nəzər salınmağa başlanıldı. Azərbaycanda yenidən latın qrafikasına keçid ədəbi-bədii irsin yenidən tədqiqi üçün imkanlar yaratmaqla mətbuatın, eləcə də publisistikanın istər mövzu-ideya, istərsə də sənətkarlıq baxımından yeni baxış bucağından araşdırılması zərurətini və hər şeyə obyektiv tarixi qiymət vermək kimi təxirəsalınmaz vəzifəni ortaya qoydu.

Bu sırada əsərlərinin bir hissəsi nəşrlərdən kənarda qoyulmuş, bir hissəsi isə ixtisar edilmiş, yetmiş ildə jurnalistik və publisistik fəaliyyətinə nisbətdə musiqi fəaliyyəti daha çox qabardılan, mətbuatını, dövlətini azad və demokratik, millətini isə savadlı və dünya xalqları içərisində öz yerini tutan görmək istəyən və bunun üçün mətbuatı tribunaya çevirən şəxsiyyətlərdən biri - Üzeyir Hacıbəylinin irsinin öyrənilməsi də aktual bir problem olaraq tədqiqatçıların qarşısında duran mühüm bir vəzifə kimi qiymətləndirilməlidir.

Üzeyir Hacıbəylinin - "Kaspi"dən tutmuş, "Azərbaycan"a qədər olan - publisistikasını izləsək, görərik ki, bu irsin ictimai xarakteri, janr palitrası, mövzu rəngarəngliyi və toxunduğu problemlərlə çağdaş dövrümüzün gerçəklikləri arasında bir bağlılıq, paralellik özünü göstərir. Yəni bu irslə müasir dövrümüz arasında maraqlı tarixi paralellər axtarmaqla xalqı, milləti düşündürən suallara cavab tapmaq, tarixi həqiqətlərə nail olmaq mümkündür. Bir sözlə, Ü.Hacıbəylinin həyat yolu və onun zəngin fəaliyyəti, yüz il keçməsinə baxmayaraq, bizim üçün reallıq, əsərləri günümüzün gerçəkliyi, dövr, zaman fərqli olsa da, qaldırdığı məsələlər də eynisi ilə bizi bu gün də düşündürən problemlərdir.

A.Əzimova, həmçinin mütəfəkkirin yaradıcılığının əsas istiqamətlərindən də söz açıb: 

“Kəsərli qələm sahibi olan jurnalist, incə yumora malik dramaturq, gözəl pedaqoq, elmi nəzəri fikirləri ilə seçilən alim, yorulmaz ictimai xadim Üzeyir bəy Hacıbəylinin yaradıcılığının ana xəttini, qayəsini elə məhz istiqlalçılıq, millətçilik, vətənçilik-azərbaycançılıq təşkil edir. O, bu mövzuda məhəbbətlə yazır, düşündürür, fikirlərini əsaslandırır, tutarlı, dolğun faktlardan, mənbələrədən məharətlə istifadə edərək əsərləri ilə sanki bugünkü günümüzə ayna tutur. Ü.Hacıbəyli millətin, məmləkətin xoşbəxtliyini mətbuatın azad və demokratik olmasında görürdü.

Bu mənada onun "Kaspi"dən tutmuş "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal", "Açıq söz", "Doğru söz", "İttihad", "Tərcüman", "Təkamül", "Azərbaycan" qəzetlərində və "Molla Nəsrəddin" jurnalınadək  publisistik fəaliyyəti əhəmiyyətli yer tutur. Ümumiyyətlə, Üzeyir bəyin mətbuat səhifələrində dərc olunan iki mindən çox publisistik yazısı millətin tərəqqi və təkamülündə böyük rol oynamış, onları Cümhuriyyətə gedən bir yola istiqamətləndirmişdir. Böyük tədqiqatçı Şirməmməd Hüseynov Ü.Hacıbəyli şəxsiyyətini və publisistik irsini belə qiymətləndirir:

"Üzeyir Hacıbəyov o cür xoşbəxt sənətkarlardan və ictimai xadimlərdəndir ki, zaman keçdikcə böyüklüyü, fəaliyyətinin mütərəqqi və humanist mənası daha parlaq şəkildə gözə dəyməkdədir. Onun zəngin irsi indi də diqqəti cəlb edir və mündəricə genişliyi, dərin mənası ilə bizi heyran buraxır". Ü.Hacıbəyli çıxış etdiyi mətbuat orqanlarının bir çoxunda həm jurnalist və publisist kimi, həm də redaktoru  kimi fəaliyyət göstərir ki, bu da Azərbaycan mətbuatı tarixində onun bir redaktorluq məktəbi yaratması kimi qiymətləndirilə bilər”. 

Tədqiqatçının fikrincə, Üzeyir bəy özünün çoxşaxəli və hərtərəfli fəaliyyəti ilə bir müəllif kimi seçilir:

“Bu yazılarda biz onu vətənpərvər, istiqlal aşiqi, azərbaycançılıq ideologiyası ilə yoğrulmuş bir publisist kimi görürük. İllərlə arzuladığı bir amala çatan ədibin 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı münasibəti ilə yazdığı "Təəssürat" silsilə məqalələrini oxuyan hər kəs bunun şahidi ola bilər: "Parlamanımız açıldı, gördük.

Fətəli xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... 100 il keçməsinə baxmayaraq, bu gün də Parlamentin açılışından verilən bu reportajı oxuyan hər kəs müstəqil və azad vətənini bütün varlığı ilə sevən bir vətəndaşın, bu yolda hər fədakarlığa hazır olan insanın səmimi duyğularının və milli qürurunun şahidi olur.


Üzeyir bəy Hacıbəylinin Cümhuriyyət dövrü yazılarında dövrünün ən mühüm problemlərinin, o cümlədən, suveren dövlət və müstəqillik, demokratiya, milli maarifçilik, azad söz və mətbuat, vicdan azadlığı, erməni məsələsi, Qarabağ problemi kimi məsələlərin diqqət mərkəzində saxlanılması ilə birgə bu problemlərin çözülməsi ilə birgə məsələlərin dərin siyasi mahiyyəti ilə bağlı nəzəri fikirləri də maraq doğurur.

Ədibin "Nə istiyorlar" , "Siyasi imtahan", "Xatimə", "İçimizdəki denikinlər", "Qarabağ hadisatı", "Səddi-İsgəndər" və eləcə də tarixi həqiqətləri özündə əks etdirən yüzlərlə yazıları bu gün Azərbaycan haqqında yazılan böhtan və iftiralara, tarixi təhriflərə qarşı Azərbaycan  ziyalılarının istinad etdikləri tutarlı cavablar və faktlardır. 

Yeni qurulmuş Azərbaycan dövlətini parçalamağa, torpaqlarını ələ keçirməyə, əhalisini qırmağa can atan qəddar, quldur, hiyləgər, məkrli, təcavüzkar erməni millətinin xarakterik xüsusiyyətləri Ü.Hacıbəylinin publisistik məqalələrində tam xarakterizə olunmuş, Cənubi Qafqazda daim münaqişə ocağı yaratmaqda Qərb imperialist dövlətlərin onlardan bir alət kimi daim istifadə etdikləri tutarlı faktlarla sübut edilmişdir. 

Alimin sözlərinə görə, ədibin bu gün də ehtiramla xatırlanması ilk növbədə onun qoyub getdiyi irslə bağlıdır: 

“ Ü.Hacıbəylinin dövlətinə, vətəninə, millətinə, bayrağına sonsuz sevgisinin təcəssümü olan "Bayrağımız sarsılmaz" məqaləsi zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, gənc Azərbaycan dövlətinin haqq və azadlıq rəmzini özündə daşıyan ÜÇRƏNGLİ bayrağımıza həsr olunmuşdur.

Ədib sağ və sol düşmənlərimizin xain gözlərini qamaşdıran müqəddəs bayrağımızın üç rəngini göylərə qaldıran ağacın iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməsilə namərd belini sındırıb alçaq başları əydirmək üzrə olduğunu mübariz bir ruhla qeyd edir: "O ağac sınmaz, o nur sönməz, o əl dönməz!!! Çünki bayrağımız həqq bayrağıdır.

O, bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamaqa haqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir!". Ü.Hacıbəyli və onun əqidə və məslək yoldaşlarının vaxtilə yüksəltdikləri üçrəngli bayraq 70 ildən sonra yenidən xalqın müstəqillik, suverenlik, milli azadlıq uğrunda mübarizəsində Azadlıq meydanında dalğalanaraq xalqı yenidən öz müstəqilliyini əldə etməsi yolunda sıx birləşdirdi.

Bu dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolu, milli tarixi və mənəvi dəyərlərimiz sırasında biz və bizdən sonrakı nəsillər üçün qoyduğu mənəvi irs-sərvət bir daha təsdiq edir ki, özünün də müdrikcəsinə qeyd etdiyi kimi: "Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər!.."