Üzeyir bəy riyaziyyatı da yaxşı bilib?- “ “Hesab məsələləri" dərsliyi misallarla doludur” – Bənzərsiz üslub! 

“O, riyaziyyatçı deyildi. Amma Qori müəllimlər seminariyasında mükəmməl təhsil aldığına görə, bütün sahələrdən baş çıxarırdı”

“Müəllif adını çəkdiyim dərsliyinin müqəddiməsində yazırdı: “Çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "nə üçün" və "çünki"siz həll edib, dəlil və sübutlar gətirməyə aciz olurlar”“


Elə adamlar var ki, onlar öz fəaliyyətləri ilə tarixə əbədi düşürlər. Belələri daim xatırlanır, anılırlar. Bu gün doğum günü olan musiqişünas, publisist Üzeyir Hacıbəyov da həmvətənlərinin qəlbində ədəbi yaşayanlardandır. O, bir yox, bir neçə istiqamətdəki səmərəli fəaliyyəti ilə seçilib. Azərbaycan dövlət himninin musiqisinin müəllifi eyni zamanda istedadlı jurnalist olub. 



 Türkiyədə yaşayan soydaşımız, tanınınmış jurnalist İbrahim Nəbioğlu isə “Sherg.az”a açıqlamasında Üzeyir bəyin görünməyən, çoxlarına məlum olmayan tərəflərindən danışıb: 



“Üzeyir Bəy Hacıbəylinin doğum günündə, "Milli musiqi" günündə onun misli bərabəri olmayan bəstəkarlığını deyil, nəhəng istedadını göstərən başqa bir tərəfini - millətinin gələcəyi üçün nəşr etdirdiyi "Hesab məsələləri" dərsliyini xatırlatmaq istəyirəm. 3 hissədən ibarət olan "Hesab məsələləri" kitabının hər hissəsi çox sayda misallarla doludur.

1908-ci ildə nəşr olunmuş kitab Üzeyir Bəyin necə mükəmməl bir təhsilə malik olduğunu göstərir, onun Vətən və millət sevgisini bariz şəkildə ortaya qoyur. Dərslik türk balalarının digər xalqlardan geri qalmaması, dəqiq fənlərə yiyələnməsi üçün dahi Azərbaycan ziyalısının bənzərsiz üslubu ilə tərtib edilmişdir.

Bəziləri Üzeyir Bəy Hacıbəylini musiqiçisi kimi tanısalar da, o, zəmanəmizin ən böyük düşüncə adamı, alim və pedaqoqu, görkəmli ədib və yazarı idi. Miqyası o qədər geniş, baxışı o qədər uzaqgörən idi ki, millətimiz onu Dünya durduqca anacaq və Baş Tacımız kimi qəbul edəcəkdir…

Müəllif adını çəkdiyim dərsliyinin müqəddiməsində yazırdı: 

"Mənim qəsdim şagirdlərimizi məsələ həllində müzakirə və mübahisəyə adət etdirməkdir. Çünki çox vaxt müsəlman şagirdləri hesab məsələlərini "nə üçün" və "çünki"siz həll edib, dəlil və sübutlar gətirməyə aciz olurlar”.

Xüsusi qeyd etmək istəyirəm ki, o, riyaziyyatçı deyildi. Amma Qori müəllimlər seminariyasında mükəmməl təhsil aldığına görə, bütün sahələrdən baş çıxarırdı”.