AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Prezident İlham Əliyevə məktub ünvanlayıb.
"Sherg.az" məktubun mətnini təqdim edir:
"Əziz Prezidentimiz.
Siz öz çıxışlarınızda dəfələrlə və birmənalı şəkildə bəyan etmişsiniz ki, “Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar!”
Möhtərəm cənab Prezident, biz həmişə bu inamla yaşamış və Sizin bu bəyanatlarınızı bütün fəaliyyətimizdə əsas götürmüşük. Sizin çağırışlarınızı, tövsiyə və tapşırıqlarınızı rəhbər tutan A.A.Bakıxanov adına Tarix İnstitutunda Qarabağın, Naxçıvanın, İrəvan xanlığının, xalqımıza qarşı soyqırımlarının, itirilmiş torpaqlarımızın tarixinə dair onlarla qiymətli tədqiqatlar işıq üzü görmüşdür. Bu tədqiqatların müxtəlif dillərə tərcümə edilərək dünyanın aparıcı ölkələrində yayılmasına nail olmuşuq.
Cənab Prezident, bu gün Sizin Ali Baş Komandanlığınızla Milli Ordumuzun parlaq qələbələri sayəsində mənfur düşmən işğal olunmuş torpaqlarımızdan qovulmaqdadır. İnsan qanına susayan vəhşilər layiq olduqları cəzanı alırlar.
Cənab Ali Baş Komandan, erməni təcavüzkarlarına qarşı informasiya müharibəsinin uğurla aparılmasında hər zaman yaxından iştirak edən Tarix İnstitutu Müqəddəs Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında Sizin yanınızda olduğunu bir daha bəyan edir.
Biz tarixçilər həmişə bir arzu ilə yaşamışıq və bunu dəfələrlə bəyan etmişik:
"Güno gün olsun ki, sevimli Prezidentimiz Azərbaycan tarixinə Qarabağımızı azad edən xilaskar Prezident kimi daxil olsun!” İndi o gün lap yaxındadır. Ali Baş Komandanımıza eşq olsun".