Nəsiman Yaqubludan dünya alimlərinə MÜRACİƏT: “İnanırıq ki, Azərbaycanın haqlı mövqeyini…”

Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru  Nəsiman Yaqublu dünyanın Azərbaycanşünas alimləri və tanınmış  qədqiqatçılarına müraciət edib. Müraciət Polşa Respublikasının Şərqi Avropa Araşdırmaları İnstitutunun professoru Yan Malitski, ABŞ-ın Massaçuset Universitetinin professoru Audrey Altstadt, Rusiya Elmlər Akademiyası və Rusiya Tarixi İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Salavat İsakov, Fransa İctimai Elmlər Ali Məktəbinin təmsilçisi, tarix elmləri doktoru Georgi Mamuliya, Ukrayna Elmlər Akademiyası M.S.Qruşevski adına Ukrayna Arxeologiya İnstitutunun əməkdaşı Valentina Piskun, Qazaxıstandan olan siyasi elmlər doktoru Baxyıt Sadıqova,  ABŞ-ın İndiana Universitetindən Hiroaki Kuromiya, Vasili Stefanik adına Prikarpat Milli Universitetinin professoru Komar Volodimir Leonoviç, Polşa Elmlər Akademiyası Tarix İnstitutunun professoru Marek Kornat, Polşa Respublikası Milli Yaddaş İnstitutu  Arxivinin professor Marzena Kruka ünvanlanıb. 


Sənədin mətnini olduğu kimi təqdim edirik:
 
Hörmətli həmkarlar, dəyərli dostlar!

 Obyektiv tədqiqatçı mövqeyinizə sayğılı yanaşmam, şəxsi münasibətlərimizdəki səmimilik və qarşılıqlı inam bu müraciəti Sizə ünvanlamağa əsas verdi.
Məlumunuz olduğu kimi, 30 ilə yaxındır ki, Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə təcavüzü davam etməkdədir. Bu müddət ərzində yüzlərlə günahsız insanımız qətlə yetirilmiş, xalqımıza qarşı XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı törədilmiş, minlərlə vətəndaşımız doğma yurdlarını tərk edərək öz vətənində məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. İşğalda saxlanılan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda  yaşayış evləri erməni silahlıları tərəfindən vəhşicəsinə dağıdılmış, infrastrukturlar, bəşər mədəniyyətinin zənginləşməsində ciddi töhfələri olan maddi-mədəniyyət abidələrimiz məhv edilmişdir.
Ermənilərin bu işğalçı siyasəti xalqların azad və sülh şəraitində yaşamasına mane olmaqdadır.

Ermənistan Respublikası  bu günə qədər işğal etdikləri Azərbaycan torpaqlarının  azad edilməsi ilə bağlı BMT-nin müvafiq 4 qətnaməsinə əhəmiyyət verməyərək beynəlxalq hüquq normalarını pozmaqda davam etməkdədirlər.

Narahatlıq yaradan başlıca məqamlardan biri ermənilərin Azərbaycan xalqının öz torpaqlarını azad etmək cəhdini müsəlman-xristian toqquşması kimi dünya ictimaiyyətinə çatdırmasıdır.Təsdiq olunmuş faktdır ki,  ölkəmizdə  yaşayan bütün xalqlar eyni hüquqa malikdir, Azərbaycanda  tolerantlıq mövcuddur və bütün xalqlara və dinlərə sayğılı yanaşılır.

 Ermənilər bilərəkdən və qəsdən ictimaiyyəti çaşdırır, erməni alim və tədqiqatçıları isə “araşdırmaları”nda tarixi həqiqəti saxtalaşdırır, müxtəlif ölkələrdəki diaspor və lobbi təşkilatlarının köməyi ilə kütləvi informasiya vasitələrində yalan və böhtan xarakterli məlumatlar yayırlar.
Bu gün Azərbaycan xalqı 30 illik erməni işğalı ilə barışmayaraq  öz torpaqlarını təcavüzkar erməni silahlı dəstələrindən azad etməkdədir.
İnanırıq ki, Siz Azərbaycan xalqının  öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəni dəstəkləməklə ermənilərin saxta təbliğatlarının qarşısını alacaq, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdıracaq, xalqlar və millətlər arasında ayrılıq, irqçilik, separatizm yayanları pisləyəcəksiniz!

 Hörmətlə, tarix elmləri doktoru,

Bakı Dövlət Universitetinin professoru  Nəsiman Yaqublu

 
Qeyd edək ki, bu müraciət ingilis dilində  alimlərin elektron ünvanlarına göndərilib.