Dilavər Əzimli: "Bununla düşmənin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yaranıb"
Oktyabrın 3-də Azərbaycan ordusunun qəhrəman əsgərləri bir çox yaşayış məntəqələrimizi düşməndən azad edərək şanlı tarix yazdılar. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” xəbərini “Twitter” səhifəsində paylaşan Prezident, Ali Baş Komandan İlham Əliyev daha sonra isə Madagizin tarixi adının bərpa edildiyini, bundan sonra Suqovuşan adlandırılacağını bildirdi. Təbii ki, üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə böyük qürur hissi yaşatdı, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı.
Bildiyimiz kimi, Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən tapdağından azad olunan Suqovuşan yaşayış məntəqəsinin həm hərbi, həm də strateji əhəmiyyəti var. Bununla yanaşı, Suqovuşanın azad edilməsi ordumuz üçün bir sıra üstünlüklər də yaradıb.
Bu məsələni "Şərq"ə şərh edən tarixçi-alim Dilavər Əzimli bildirib ki, Tərtər rayonunun Suqovuşan yaşayış məntəqəsinin ordumuz tərəfindən işğaldan azad edilməsinin həm geosiyasi, həm də tarixi baxımdan çox böyük əhəmiyyəti var.
Onun sözlərinə görə, bu ərazi geosiyasi baxımdan elə bir ərazidir ki, ətrafda bütün əraziləri nəzarətdə saxlaya bilir:
"Həmin ərazilərdə möhkəmlənən erməni daşnakları mütəmadi olaraq, oradakı əhalini atəşə tuturdular. Bu ərazinin işğaldan azad edilməsi ilə demək olar ki, Azərbaycan Dağlıq Qarabağın açarını əldə etdi. Çünki həmin ərazidə düşmən ordusunun 6-cı dağatıcı alayının qərargahı yerləşirdi. Artıq Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində həmin ərazi düşməndən tam təmizlənib.
Bununla yanaşı, Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi ilə işğal altında olan Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu qüvvələrimizin nəzarətinə keçib. Ağdərə və Ağdamın müdafiəsində duran düşmən qüvvələri eyni zamanda cəbhənin şimal-qərb istiqamətində Azərbaycan Ordusunun bölmələri ilə qarşı-qarşıyadır".
D.Əzimli vurğulayıb ki, Suqovuşanın azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinin əsas müdafiə bloku olan Ağdərə-Ağdam xəttini mühasirəyə alma imkanı yaranıb:
"Suqovuşan yaşayış məntəqəsi Ağdərə və Sərsəng su anbarı istiqamətində mühüm əhəmiyyətə malik yolların nəzarətdə saxlanmasına da imkan verəcək. Bundan sonra Ağdərə və Ağdam istiqamətində mövqe tutan işğalçı ordu uzunmüddət duruş gətirə bilməyəcək. Suqovuşanın eyni zamanda, mühüm iqtisadi önəmi də var.
Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Sərsəng və Suqovuşan (keçmiş Madagiz) su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng yalnız Qarabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır. Ümumiyyətlə, deyə bilərik ki, Suqovuşan Qarabağ müharibəsinin əsas düyünü idi.
Suqovuşanın Ermənistan silahlı qüvvələrindən azad olunması ordumuzun uğurlu irəliləyişi üçün böyük əhəmiyyət daşıyır. Bu, çox uğurlu nəticədir və bu uğurlu nəticəyə hamımız sevinirik".