"Ermənistan Moskvada imzalanan humanitar atəşkəsi pozaraq Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbəsi endirib. Bunun nəticəsində 9 nəfər mülki şəxs ölüb, otuzdan çox adam yaralanıb. Xeyli sayda ev dağılıb. Ölənlərin və yaralanların arasında uşaqlar var. Bu görüntülər 26 fevral 1992-ci ildə ermənilərin Xocalıda törətdiyi soyqırımı xatırladır".
Bu sözləri Sherg.az-a Dədə Qorqud vəqfinin rəhbəri, şair, Azərbaycan sevdalısı Servet Gurcan deyib. O, vurğulayıb ki, bu təcavüzlə Ermənistan quldur və terrorçu dövlət olduğunu növbəti dəfə sübut etdi:
"Bu savaşda Azərbaycan tək deyil. Türkiyə qardaşı olaraq bütün gücü ilə hər sahədə Azərbaycana dəstək verir. Azərbaycan ordusu güclüdür. Torpaqlarını işğaldan azad edəcək güc və hərbi texnikaya sahibdir.
Bu müddət ağırlıqlı müddətdir, fədakarlıqlar tələb edir. Türk birliyi, həmrəyliyi davam etdirilməlidir, təxribatlara, düşmən təbliğatlarına qarşı diqqətli olmalıyıq. Türkiyə rəsmi açıqlamalarında da bəyan etdiyi kimi, Prezidentimiz Rəcəb Tayyib Ərdoğandan tutmuş ən sadə vətəndaşına qədər Azərbaycanın yanındadır. Sülh yolu ilə olmasa, savaş yolu ilə işğal edilmiş vətən torpaqları mütləq qurtarılacaq.
Şəhidlərimizə, erməni vandallarının raket atmasıyla Gəncə və digər yaşayış məntəqələrində həlak olanlara rəhmət, qazi və yaralılara şəfa diləyirəm".