Bütün yollar Qarabağa aparır: “Mincivandan ora dəmiryolu çəkiləcək”  

“Araz boyu bütün əraziləri artıq geri almışıq. İkinci bir tərəfdən bura tranzit baxımdan mühüm yerdir”

“Ən yaxın gələcəkdə Azərbaycan dəmir yolu Xudafərinə qədər uzanacaq. Bu da azad olunmuş torpaqlarımızın bərpasına kömək edəcək”


Dünən cəbhədən daha bir qələbə xəbəri gəldi. Prezident İlham Əliyev Tviter hesabında bildirdi ki, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama , Xumarlı, Sarıl, Babaylı, Üçüncü ağalı, Hacallı, Qırax Müşlan, Üdgün kəndləri işğaldan azad edilib. Həmçinin İçəri Muşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərinin də işğaldan azad edilməsi barədə məlumat verildi.



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ordumuzun bu qələbəsini, xüsusilə Mincivanın hərbçilərimizin nəzarəti altına keçməsini “Sherg.az”a qiymətləndirib: 

“Əslində azad olunan hər qarış torpaq bizim üçün vacib və əzizdir. Lakin Mincivan strateji əhəmiyyətlidir. Öncə onu deyim ki, bu qəsəbə əvvəllər rayon mərkəzi olub.

Eyni zamanda Ermənistanla sərhəddə sonuncu dəmiryolu qovşağı, yaşayış məntəqəsidir. Deməli, Araz boyu bütün əraziləri artıq geri almışıq. İkinci bir tərəfdən bura tranzit baxımdan mühüm yerdir.

Ən yaxın gələcəkdə Azərbaycan dəmir yolu Xudafərinə qədər uzanacaq.

Bu da azad olunmuş torpaqlarımızın bərpasına kömək edəcək. Həmçinin, fikrimcə, Mincivandan Qarabağa da dəmiryolu çəkiləcək”.