Türkiyənin Cümhuriyyət elan edilməsindən 97 il ötür. Qurtuluş müharibəsinin qələbəsindən sonra Mustafa Kamal Atatürk yeni Türkiyə dövlətini modernləşdirib və demokratikləşdirib. Ankara Türkiyə hökumətinin mərkəzi olandan sonra yeni dövlət başçısı seçilməli idi. O günə qədər bu vəzifəni Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Kamal Paşa icra edirdi. Bəzi xarici ölkələr də “Lozanna” razılaşmasının təsdiqlənməsi üçün Türkiyədəki yeni dövlət rejiminin daha açıq şəkildə təyin olunmasını istəyirdilər.
Bu zaman Deputatlar Şurasının istefası və Məclisin etibarını qazanacaq bir kabinet siyahısının qurulmaması bu problemin təcili həllini tələb edirdi. 25 oktyabr 1923-cü ildə hökumətin istefası ilə bir böhran başlayıb. Bu hadisə Atatürkə respublika elan etmək üçün gözlədiyi fürsəti verib. 28 oktyabr 1923-cü il axşama qədər hökumət qurulmadıqdan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündəki dostlarına “Sabah cümhuriyyəti elan edəcəyik” deyərək fikrini açıqlayıb.
O gecə Atatürk və İsmet İnönü, 1921-ci il konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsini hazırlayıblar. 1923-cü il 29 oktyabr, bazar ertəsi günü, saat 18:00-da İsmət İnönünün başçılığı ilə Məclis toplanıb. Konstitusiya Komissiyası tərəfindən təqdim edilən və konstitusiya dəyişikliyini ehtiva edən təklif dərhal müzakirə üçün gündəmə gətirilib.
Qardaş ölkənin 97 illik şərəfli Cümhuriyyət yolunu “Sherg.az”a şərh edən tarixçi-alim Kərəm Məmmədov bildirib ki, Türkiyə Cümhuriyyətinin yaranması ikili şəkildə həyata keçirilib. O zamankı qərb ölkələri “Sevr” müqaviləsinə əsasən Osmanlını bölmək haqqında razılaşıblar.
Tarixçinin sözlərinə görə, həmin müqaviləyə əsasən bəlli olur ki, indiki Türkiyədən çox cüzi hissə düşmənlərə ayrılıb:
“Lakin Mustafa Kamal Atatürkün başçılığı ilə azadlıq mübarizəsinin başlaması imperialist qüvvələrin arzularını gözündə qoydu. Qardaş ölkənin tarixi ilə Azərbaycan tarixi arasında müəyyən bənzətmə aparmaq istərdim. Bugünkü mübarizəmiz Türkiyənin 97 il əvvəlki mübarizəsinin məntiqi davamıdır. İndi mülki əhalimizi öldürənlər, türk qanı tökənlər məhz o zamankı imperialist dövlətlər idi. Əvvəlki müharibədə qalib çıxdığımız kimi, indiki müharibəmizdə də qalib gələcəyik”.
K.Məmmədov bildirib ki, qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən mühüm hadisələrindən idi:
“Keçən dövr ərzində Türkiyə Cümhuriyyəti hərtərəfli inkişaf edərək, çox böyük və şərəfli yüksəliş yolu keçib, ən inkişaf etmiş dövlətlərlə bir sırada layiqli yerini tutub. Dünyanın siyasi xəritəsində mühüm mövqeyə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilib.
Türkiyə Cümhuriyyətinin elan olunmasının 97-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, Türkiyəyə daim sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıram”.