"Dağlıq Qarabağ” toponiminin kökü: “Əhməd bəy Ağaoğlu buna etiraz edir”

“Həmin dövrdə “Mşak” qəzetinin baş redaktoru Kalantar adlı biri idi. İlk dəfə o, Qarabağın iki hissəyə ayrılmasını təklif edir”

“Deyir ki, ermənilər ticarətə maraq göstərdikləri üçün dağlıq hissədə, müsəlmanlar isə maldarlıqla məşğul olduqlarına görə aranda yaşasınlar”

“Görkəmli ziyalımız Əhməd bəy Ağaoğlu dərhal buna etiraz edir. Və hətta o qədər əsəbiləşir ki, onu iclasdan çıxarırlar. Əhməd bəyin etirazlarına rəğmən, ermənilər ard-arda qurultay keçirirlər”


İkinci Dağlıq Qarabağ müharibəsi bir çox mübahisəli məqamları da gündəmə gətirdi. Bunlardan biri də çox zaman fərqində olmadan işlətdiyimiz “Dağlıq Qarabağ” toponimidir. Belə ki, tarixçilərin fkrincə, işğal altındakı torpaqlarımızın belə adlandırılması düzgün deyil.  Qarabağı onsuz da bizdən alıblar. Daha həmin torpaqları aran və dağlıq olmaqla niyə iki hissəyə bölək ki?!

Bu, düşmən dəyirmanına suk tökmək olmazmı? Təxminən otuz ildən sonra tarixi torpaqlarımızı tamamilə azad etməyə, geri qaytarmağa çox yaxınıq. Əlbəttə, qələbə günü uzaqda deyil. Amma, gəlin, bundan sonra özümüzə, tariximizə, torpaqlarımıza qarşı diqqətli olaq.

 BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu “Dağlıq Qarabağ” toponiminin yaranması barədə “Sherg.az”a danışıb: 

“XX əsrədək belə ad olmayıb. 1906-ci ildə Tiflisdə Çar Rusiyasının Cənubi Qafqazdakı o vaxtkı canişini Vorontsov Daşkovun rəhbərliyilə Azərbaycan və erməni ziyalılarının iştirakı ilə iclas keçirilir. Məqsəd mübahisəni həll etmək idi. Həmin vaxt nəşr olunan “Mşak” qəzetinin baş redaktoru Kalantar adlı biri idi. İlk dəfə o, Qarabağın iki hissəyə ayrılmasını təklif edir.

Deyir ki, ermənilər ticarətə maraq göstərdikləri üçün dağlıq hissədə, müsəlmanlar isə maldarlıqla məşğul olduqlarına görə aranda yaşasınlar. Görkəmli ziyalımız Əhməd bəy Ağaoğlu dərhal buna etiraz edir.

Və hətta o qədər əsəbiləşir ki, onu iclasdan çıxarırlar. Əhməd bəyin etirazlarına rəğmən, ermənilər ard-arda qurultay keçirirlər. 1919-cu ildə Dağlıq Qarabağ ermənilərinin gizli qurultayı təşkil olunur. Və elə həmin il “Dağlıq Qarabağ” ilk dəfə siyasi ad kimi işlənir. 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Yəni XX əsrədək “Dağlıq Qarabağ” məsələsi olmayıb”.

 N.Yaqublu, həmçinin Qarabağ konfliktinin tarixi kökündən də danışıb: 

“Ermənilərin ilk həmləsi “Daşnaksütun” partiyasının proqramından başlayıb. Əvvəl Türkiyənin Van, Qars şəhərləri tərəfdə dövlət qurmaq istəyirdilər. Təbii ki, qardaş ölkə buna icazə vermədi.

Ardınca ermənilər proqram sənədinə bir bənd əlavə etdilər. Türkiyədən torpaq almağın mümkünsüzlüyü vurğulandı. Ardınca Gürcüstanda dövlət yaratmağa çalışsalar da, bu cəhdləri də alınmadı.

Nəhayət, Qarabağa iddia etdilər. Çar Rusiyası da onlardan güc vasitəsi kimi istifadə etdiyinə görə, daim dəstəklədi. Tarixi həqiqət bundan  ibarətdir”.