“2020-ci ilin Milli Dirçəliş Günü qələbə ovqatında keçirilir” – Tarixçi-alim 

“Çünki indi Azərbaycan nəinki tam müstəqildir, suverendir həm də beynəlxalq səviyyədə  söz sahibi olan dövlətdir”


Noyabrın 17-də Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir. Bu gün 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti- Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı-Azadlıq meydanında  Azərbaycan xalqının etiraz mitinqləri başlayıb. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridilib.

Mitinq dağıdılıb və fövqəladə vəziyyət elan edilib.

Şübhəsiz ki, bu Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirilib.

Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam edib və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılıb. Azərbaycan müstəqilliyinə qovuşub. Bu gün isə Qarabağımızla qucaqlaşırıq. 30 illik torpaq həsrəti sona çatır. Ona görə indi Milli Dirçəliş Gününü daha fərəhlə, qürurla qeyd edirik.

“Sherg.az”la həmsöhbət olan Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Milli Dirçəliş Günü ilə bağlı bunları söyləyib:

“1988-ci ilə və bu günə baxsaq görərik ki,  həm o zaman, həm də indi Azərbaycan xalqı mütəşəkkildir. Lakin xoş bir fərq var. 1988- ci ildə Azərbaycan xalqı yumruq kimi bir olub, Topxana meşəsinin qırılmasına, erməni təcavüzünə qarşı ayağa qalxdı. Tarixdə meydan hərakatı deyilən bir səhifə yazdı. Bu gün isə fərqli birliyin şahidiyik.

Azərbaycan 30 il ərzində işğalda olan torpaqlarının qurtuluşunun şanlı tarixini yaşayır.  İndi  Azərbaycan ordusunun müzəffər yürüşü nəticəsində əldə edilən qələbənin yaratdığı həmrəklik var.

Onu da deyim ki, tarixə Milli Dirçəliş Günü kimi düşən 17 noyabr 1988-ci il həm də müstəqilliyimizin bərpasının ilk cücərtisi hesab edilə bilər. Azərbaycan həmin tarixdən etibarən  öz suverenliyi yolunda addım-addım irəlilədi. Düzdür, bu irəliləyiş heç də hamar olmadı.

Çünki həmin proses Azərbaycan  torpaqlarının itirilməsi, xalqımıza qarşı təcavüzlə müşayiət olunurdu. Bu dinamikanı biz 100 il əvvəl də gördüşdük. Məhz 1988-ci ildə də həmin hadisələr təkrar baş verirdi. Xalqımız 30 il ərzində çox məşəqqətli günlər yaşadı. Xocalı soyqırımı, qaçqın, köçkün həyatı  və sair fəlakətlər gördü.

Lakin indi 2020-ci ildə 17 noyabrın növbəti ildönümü daha başqa  ab-havada, ovqatda keçirilir. Çünki bu gün zəfər çalan Azərbaycan xalqı həmin milli dirçəliş gününü qeyd edir. İndi Azərbaycan nəinki tam müstəqildir, suverendir, ərazi bütövlüyünü təmin edibdir, həm də beynəlxalq səviyyədə  söz sahibi olan dövlətdir.

Ona görə də Milli Dirçəliş Gününü daha qürurla və fəxarətlə keçirməyə haqqımız var. Həm də  tarixini əldə etmək yolunda canından keçən şəhidlərimizi daim hörmət və ehtiramla anacağıq.

Qələbəni bizə bəxş edən insanlara tarixdə xüsusi yer ayrılacaq. Həmişə olduğu kimi 17 noyabrı bundan sonra da qeyd edəcəyik. Amma əvvəlki nikbin olmayan ovqatımızın tam tərsi- coşqu ilə qutlayacağıq”.