Kərəm Məmmədov: "Bizim qələbəmizin sübuta ehtiyacı yoxdur, lakin tədris olunmağa ehtiyacı var"
Prezident İlham Əliyevin noyabrın 8-ni Zəfər Günü elan etməsi və bundan sonra hər il bu tarixin bayram ediləcəyinə dair sərəncam imzalaması xalqın arzularını gerçəkləşdirdi. 28 ildir Qələbə həsrəti ilə yaşayan xalqımız artıq doğma Zəfər tarixinə sahib oldu. Prezidentin imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Tarixçi alimlər bu sərəncamın Azərbaycanın müstəqillik və dövlətçilik tarixində xüsusi yer tutacağını bildirirlər.
Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, 9 may tarixi ozamankı SSRİ-nin faşizm üzərində qələbə günü olsa da, bu bayramı həmişə ürək sınıqlığı ilə qarşılayıb:
- Bu, bəşəri əhəmiyyət baxımından böyük qələbə idi. Nəzərə alsaq ki, Azərbaycan xalqı da bu qələbənin qazanılmasında necə böyük rəşadət göstərmişdi, 9 May həm də bizim qələbəmiz hesab edilə bilər.
Amma 9 May Qələbə günü kimi qeyd ediləndə ürəyimdə həmişə bir sınıqlıq olub. Çünki bu, bizim qələbəmiz deyildi. Düşünmüşəm ki, nə vaxtadək biz yad bayramları qeyd edəcəyik? Amma 8 noyabr bizə doğmadır. Bu, mənim millətimin qələbəsidir, mənim millətimin düşmən üzərində Qələbə çaldığı gündür.
Şükür ki, indiyədək məktəb dərsliklərinə salınan işğal tarixlərimiz artıq zəfər tarixlərimizlə əvəzlənəcək. Qarabağımızın hər bölgəsinin, hər şəhərinin işğaldan azad edildiyi gün ayrıca mövzu kimi şagirdlərə tədris olunmalıdır.
Bilirsiz, 1870-71-ci illər Prussiya-Fransa müharibəsi Prussiyanın qələbəsi ilə nəticələndikdə reyxkansler Otto Bismarkı qələbə münasibətilə təbrik edirlər.
Bismarksa belə deyir: “məni yox, tarix müəllimlərini təbrik edin”.
Yəni, tarix müəllimləri şagirdlərin milli ruhda formalaşmasında, milli tarixlərini öyrənmələrində mühüm rol oynayır. Bu mənada bizdə bu məsələlərdə dünənədək bir axsama hiss olunurdu.
Amma sizə bir faktı deyim ki, İraq hadisələri baş verən illərdə Dövlət İmtahan Mərkəzi (o zamanlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası adlanırdı) Təhsil Nazirliyini qabaqlayaraq abituriyent jurnalına “İraq və Şam türkmənləri” adlı material salmışdı. Sonra məlumat aldıq ki, bu material ərəb dilinə tərcümə edilib və türkmən qardaşlarımıza təqdim olunub.
Güman edirəm, bu dəfə Təhsil Nazirliyi gecikməz və zəfər tariximiz, Qələbə günümüzlə bağlı tarix, ədəbiyyat və başqa dərsliklərə mövzular əlavə edilər. Bizim qələbəmizin sübuta ehtiyacı yoxdur, lakin tədris olunmağa ehtiyacı var. Yetişməkdə olan gənc nəsil bunları bilməli və bu ruhda tərbiyə olunmalıdır.