Kəlbəcərdəki 5 min illik qaya təsvirlərinin tanıdılması bir çox baxımdan önəmlidir
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Kəlbəcər rayonu qayaüstü rəsmləri, tarixi abidələri ilə zəngindir. Kəlbəcərin beş min illik qayaüstü rəsmləri dünyaya tanıdılmalıdır. Bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının üzvü, tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadə deyib.
Tarixçi-alimin sözlərinə görə, ömrünün 20 ildən çoxunu Kəlbəcərin Alagöl, Zalxagöl və Qaragölün sahillərində qayaüstü təsvirlərin aşkarlanmasına və 8000-ə yaxın qayaüstü rəsmlərin üzə çıxmasına həsr edib: “Kəlbəcərin qayaüstü təsvirlərində ailə-məişət, təsərrüfat işləri və yerli tayfaların səma cisimləri ilə bağlı dünyagörüşü əks olunub. Bu təsvirlərdən ən qədimi tarixi e.ə. IV-III minilliyə təsadüf edir”. Arxeoloq-alim Kəlbəcər rəsmlərini Qobustan qayaüstü təsvirləri ilə müqayisə edərək, abidələrin oxşar və fərqli xüsusiyyətlərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, qayaüstü təsvirlər yenidən tədqiq olunaraq ən qədim insan məskənlərindən biri olan Qobustanın “əkizi” kimi dünya səviyyəsində təqdim olunmalıdır.
Professorun təklifi həmkarları tərəfindən dəstəklənib. Qüdrət İsmayılzadənin tələbəsi, tarixçi-alim Dilavər Əzimli “Şərq”ə açıqlamasında deyib ki, alim Kəlbəcərin hər nöqtəsinə, tarixi bölgələrinə yaxından bələddir. O bildirib ki, Q.İsmayılzadə sovet vaxtında yay-qış demədən Kəlbəcər qayalıqlarında tarixi araşdırmalar aparıb, dəyərli faktlar üzə çıxarıb:
“Qüdrət müəllim çox doğru deyir. Kəlbəcərdəki 5 min illik qaya təsvirlərinin tanıdılması bir çox baxımdan önəmlidir. Burada həm Azərbaycanın qədim yaşayış məskənlərindən biri olduğu bəlli olur, həm də aydınlaşır ki, islamdan öncə bölgədə qədim mədəniyyət var imiş. Hesab edirəm ki, islamdan qabaqkı mədəniyyət tariximizi dərindən öyrənməliyik.
Feysbukda yazanda ki, “bizdə büdpərəstlik olmayıb”, hamı tökülüşür üstümə. Deyəndəki, “xristianlıq deyə bir şey yoxdur, o vaxt İsa peyğəmbərin həvariləri təktanrıçılıq dinini yaymaq üçün gəlmişdilər”, yenə üzərimə gəlirlər. Görürsüz, indi arxeoloq Azərbaycanın qədim sakinlərindən danışarkən bunları təsdiqləyir. İsa peyğəmbərin həvarilərinin Azərbaycana gəliş səbəbi o idi ki, burada təktanrıçılıq inancına mənsub insanlar yaşayırdı.
Yerli əhali günəş, ay və s. səma cisimlərinə aid məbədlərdə ibadət edirdilər. Azərbaycanın bütün ərazilərini gəzsəniz, bir dənə olsun bütxana tapa bilməzsiniz. Qarabağdakı ay, günəş və ulduz məbədlərimizin yerində sonradan kilsələr inşa olunub. Bu kilsələr isə oğuz-qıpçaq mədəniyyətinin nümunəsidir. Ərəb mənbələrində “albaniya” sözü keçmir. “Albaniya” xristian mənbələrində işlədilir, bu da “alpanların” yəni, igidlərin yaşadığı yer mənasına gəlir. “Kitabi-Dədə Qorqud” dastanının 4-cü və 7-ci boylarında buna aid fikirlər yer alıb”.
Alim vurğulayıb ki, Kəlbəcər qaya rəsmlərinin tarixi daha qədimlərə gedib çıxır:
“Qüdrət müəllim və digər alimlərimiz öz araşdırmaları ilə 5 min ilə qədər müəyyən ediblər. Amma orada hələ sirri açılmamış qədim təsvirlər də var. Uzun müddət işğal altında qalsa da, erməni işğalçılarının qaya təsvirlərini tamamilə silməsi mümkün deyil. Kəlbəcərdəki rəsmlərin Qobustan qaya təsvirləri ilə oxşarlıq təşkil etməsi sübut edir ki, Azərbaycan dünyanın mədəniyyət mərkəzidir. Sadəcə Kəlbəcər deyil, Gədəbəydə də qədim dövrümüzü özündə gizlədən izlər çoxdur. Gədəbəy açılmamış kitabdır və orada da öyrənilməsi vacib xeyli tarixi məbədlərimiz var”.