Seminariya mənbəyini türk mədəniyyəti, türk elmindən alıb
Qafar Çaxmaqlı: "İnanıram ki, bundan sonra bu elm ocağının tarixi daha geniş tədqiq olunacaq"
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirib. İdarədən verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş Tədbirlər Planına əsasən, “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda “dəyirmi masa”, seminar, görüş, sərgi və disputların təşkili nəzərdə tutulur. “XIX əsrdə regionda dünyəvi təhsil verən İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında esse müsabiqəsi keçiriləcək. Həmçinin görkəmli maarifpərvər ziyalı Firudin bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə görüşün təşkil olunması planlaşdırılır. Bundan başqa, İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, seminariyanın tarixi və məzunları haqqında proqramların təşkili, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında məqalələrin dərc olunması nəzərdə tutulur. İrəvan Müəllimlər Seminariyasının əzəli türk torpaqları olan İrəvan xanlığı ərazisində maarifçiliyin inkişafında xidmətləri əvəzsizdir. Bu seminariyanın məzunları təkcə Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinə deyil, dünya elminə yüksək töhfələr verib. Təkcə akademik Mustafa bəy Topçubaşovu xatırlatmaq yetərlidir ki, seminariyanın dünya elminə necə yüksək xidmət göstərdiyi aydın olsun.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı “Şərq”ə açıqlamasında bildirdi ki, İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi təqdirəlayiq hal və sevindirici hadisədir:
- İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi əhəmiyyətli tarixi hadisədir. Bu, Azərbaycan türklərinin çar Rusiyası dövründə İrəvan quberniyası ərazisində mədəni irsinin mövcudluğunu təsdiqləyir. İrəvan Müəllimlər Seminariyasının varlığı sübut edir ki, Azərbaycan türklərinin əzəli torpaqları, dədə-baba yurdu olan Qərbi Azərbaycanda köklü, əsaslı maarifçilik, elm, təhsil, mədəniyyət inkişaf etmişdi. İrəvan Müəllimlər Seminariyası 1881-ci ildə fəaliyyətə başlayıb. Q.Qənbərov, Məmmədbağır Qazızadə müxtəlif vaxtlarda seminariyanın direktoru olublar. O vaxt təkcə İrəvanda deyil, başqa bölgələrdə də seminariyalar fəaliyyət göstərirdi. Onlardan biri də Qori Müəllimlər Seminariyası idi. Qori Müəllimlər Seminariyasının Azərbaycan ziyalılarının yetişməsində hansı xidmətləri olubsa, İrəvan Müəllimlər Seminariyası da eynilə o xidməti göstərib. İrəvan quberniyasının Çar imperiyasının işğal etdiyi Qafqaz regionunda xüsusi əhəmiyyəti vardı. Məlumdur ki, İrəvan quberniyasının əhalisinin böyük əksəriyyəti müsəlman türklər idi. Ermənilərin sonradan bu torpaqlara köçürüldüyü və məskunlaşmağa başladıqları artıq sübuta yetirilmiş tarixi faktlardır. İrəvan Müəllimlər Seminariyası mənbəyini türk mədəniyyəti, türk elmindən alıb. Və dahi şəxsiyyətlər yetişdirib. Bu həm də seminariyada dərs deyən müəllimlərin əməyinin nəticəsi idi.
Məsələn, maarifpərvər ziyalımız Cəlil Məmmədquluzadə Zəngibasar mahalında Uluxanlı kəndində açılmış ilk dünyəvi məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. Azərbaycanın görkəmli maarifçisi, pedaqoq, Azərbaycan ədəbiyyat tarixi elminin banisi Firudin bəy Köçərli Qori Seminariyasını bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alıb. Burada ana dili, hüsnxətt fənlərini tədris edib, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşıyıb.
Müxtəlif rütbələr alıb. Bir neçə il işlədikdən sonra yenidən Qori Müəllimlər Seminariyasının "tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin edilib, pedaqoji fəaliyyətini davam etdirib.
1918-ci ildə isə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürüb, bunun əsasında Azərbaycan Müəllimlər Seminariyasını təşkil edib, seminariyanın direktoru olub. Görkəmli maarifçi Haşım bəy Vəzirov həm bu seminariyada təhsil alıb, təhsilini başa vurduqdan sonra orada müəllimlik edib. Akademik Mustafa bəy Topçubaşov İrəvan Müəllimlər Seminariyasının tələbəsi olub.
Bilirsiniz ki, M.b.Tobçubaşov tibb sahəsində bir sıra yeniliklərə imza atmış görkəmli alimdir. Topçubaşovlar nəslinin davamçıları da eynilə maarifpərvər şəxslər, elm, mədəniyyət xadimləri olublar. İrəvan Müəllimlər Seminariyası çox böyük şəxsiyyətlər yetişdirib. Elə anlaşılmasın ki, orda milliyyətcə erməni olan müəllimlər dərs deyirdi. Seminariyanın müəllimləri Azərbaycan türkləri olan görkəmli ziyalılar idi.
Azərbaycanda ibtidai kənd məktəblərinin yaradılması işində Qori Müəllimlər Seminariyasının məzunları ilə yanaşı İrəvan Müəllimlər Seminariyasını bitirmiş məzunlar da yaxından iştirak edirdilər. İlk pedaqoji təhsilini həmin seminariyada almış bir sıra azərbaycanlı gənclər sonralar təhsillərini Rusiya və Avropanın müxtəlif ali təhsil ocaqlarında davam etdirərək Azərbaycana qayıdıb, ölkəmizdə elm, mədəni-maarif işlərinin, habelə iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsində yaxından iştirak ediblər. Xalqımızın maarif fədailəri - Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski, Ş.Mahmudbəyov, C.Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan Müəllimlər Seminariyasında alıblar. Seminariyanın məzunları arasında sonralar hərb sahəsində tanınan görkəmli şəxslər də var.
Q.Çaxmaqlı qeyd etdi ki, seminariyanın 140 illiyinin qeyd edilməsi əlbəttə təqdirəlayiq haldır və böyük əhəmiyyət daşıyır. Lakin seminariyanın tarixi daha geniş tədqiq olunmalıdır:
- İndiyədək bir qədər səthi tədqiqat işləri aparılıb. İnanıram ki, bundan sonra İrəvan Müəllimlər Seminariyasının tarixi daha geniş tədqiq olunacaq, çünki buna ehtiyac var. Biz mədəni irsimizə mütləq sahib çıxmalıyıq. Dünyaya bir daha nümayiş etdirməliyik ki, İrəvan qədim türk torpağı və türk şəhəridir.