Ölkələrimizin tarixi irsi birgə araşdırılacaq



Azərbaycan və gürcü alimləri əməkdaşlıq edəcək


“Azərbaycanla Gürcüstanın birgə tarixi irsinin araşdırılması üçün bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.
Bu sözləri  Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, bunu vaxtından əvvəl elan etmək istəmirik. Ancaq çox maraqlı işlər və tədqiqatlar var. Hesab edirik ki, onların ərsəyə gəlməsi Azərbaycan-Gürcüstan diplomatik əlaqələrinin 30 illiyinə töhfə verəcək.

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor  Musa Qasımlı “Şərq”ə açıqlamasında iki qonşu dövlət arasında həyata keçiriləcək layihənin son dərəcə əhəmiyyətli olduğunu deyib: 

  “Azərbaycan və Gürcüstan dost, strateji müttəfiq ölkələrdir. Bizim  münasibətlərimizin kökləri təbiidir. Bu köklər mehriban qonşuluq, ümumi maraqlar və  ortaq tale ilə bağlıdır. Azərbaycan və Gürcüstan alimləri arasında çox geniş əlaqələr var. Bu əlaqələrin daha da genişləndirilməsində fayda görürəm.  Alimlərimiz birgə layihələr işləyə bilər. Bunun üçün  potensial var.  Hesab edirəm ki, bir sıra kitabların birgə yazılmasında Azərbaycan və gürcü alimləri əməkdaşlıq edə bilər”.