“Ulu öndərin yaratdığı tarix müstəqil Azərbaycan tarixidir. Dövlət quruculuğu və inkişafla zəngin tarixdir”
10 may – 2022-ci il Azərbayanın Ümummilli lideri, mərhum prezident, görkəmli dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Respublikamızda bu tarixin qeyd olunması bir ənənə halını alıb. Çünki Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu öndər ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb. Həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991 – 1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü ilin may-iyununda ölkədə siyasi böhranının son dərəcə kəskinləşməsi ilə əlaqədar o zamankı rəhbərlik Heydər Əliyevi Bakıya dəvət edib. Heydər Əliyev 1993-cü il 15 iyunda Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq referendumu nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib. 2003-cü il dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. Dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunub.
Əlbəttə, Ümummilli lider bütün fəaliyyəti illərində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməyib. Heç kimə sirr deyil ki, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda mislisiz xidmətləri olub.
Bu mənada Ulu öndər, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Millət vəkili Azər Badamov da “Şərq”ə açıqlamasında qeyd edib ki, xalqımız Ulu öndəri sadəcə doğum və ya vəfatı günlərində anmır. Parlament üzvünün sözlərinə görə, kim Azərbaycanın müstəqilliyinin dəyərini bilirsə, vətəni və dövləti sevirsə, Ulu öndər hər zaman onun yanında, ürəyindədir:
"Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtmasaydı nə baş verəcəkdi? Təbii ki, bu sualın bir cavabı var, bu günkü müstəqil Azərbaycan Respublikası olmazdı. Heydər Əliyev Azərbaycanı bir çox bəladan qurtardı. Güclü iqtisadiyyata malik olan, dünyada nüfuzlu, təhlükəsiz həyat şəraiti təmin olunan, insanların sosial rifahını düşünən bur ölkənin əsaslarını yaratdı. Əgər biz Azərbaycan Respublikasının vətəndaşı olaraq cibimizə şəxsiyyət vəsiqəsi qoyub qürurla dünyanı gəzə biliriksə, bunu Heydər Əliyevə borcluyuq".
Parlament üzvü bəyan edib ki, Heydər Əliyev dünya səviyyəsində tanınan dahi şəxsiyyət idi:
"Dahi şəxsiyyətlər tarix yaradır. Ulu öndərin yaratdığı tarix müstəqil Azərbaycan tarixidir. Dövlət quruculuğu və inkişafla zəngin tarixdir. Heydər Əliyevin bizim aramızda cismən olmaması heç nəyi dəyişmir. Əksinə, zaman keçdikcə Ümummilli lider qəlbimizdə daha da böyüyür. Ulu öndərin istənilən kəlməsi Azərbaycanın həyatı üçün hər zaman aktualdır. Bu gün də ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin ideyaları üzərində güclənir, inkişaf edir. Müstəqil Azərbaycan Respublikası yaşadıqca Ulu öndər Heydər Əliyev də daim yaşayacaq".