“Ermənilər mədəni abidələri silməyə çalışırlar, tarixi abidələrimiz sənədləşməlidir”
Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu ölkədə Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesi 1990-cı illərdən sonra geniş vüsət alıb. İşğal dövründə həmin ərazilərdə vandalizm paralel şəkildə həyata keçirilib. İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Lakin Ermənistan İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı mədəni soyqırımı prosesi gerçəkləşdirib.
Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi Yer üzündən silinmək təhlükəsi ilə qarşı-qarşıya dayanıb. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhvinə nail olmaq istəyirlər.
Qeyd edək ki, Azərbaycanın elm və ictimaiyyət xadimləri mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.
Məsələni "Sherg.az"a dəyərləndirən AMEA Elmi Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, hadisənin kökü 1918-19-cu ilə dayanır:
"AXC dönəmində İrəvan şəhəri razılaşma ilə Ermənistana veriləndən bəri ermənilərin əsas hədəflərdən biri azərbaycanlıların izini itirməkdən ibarətdir. Azərbaycan tarixinə məxsus abidələr söküldü, binaların fasadları dəyişdirildi. Qədim abidələrin üzərindəki yazılar silinib erməni xaçkarları çəkildi.
Sovet rəhbərliyi, rəsmi Moskva da etiraz müraciətlərimizə baxmayaraq, buna göz yumurdu. 1988-ci ildən azərbaycanlılar torpaqlarından çıxarıldıqdan sonra bizə aid mədəni nümunələr, İrəvanda mövcud olan məscidlər dağıdıldı.
Ermənilər Azərbaycana psixoloji təyziq göstərməyə çalışırlar. Bizim mədəni abidələrə bağlı olduğumuz onlara bəllidir. Təkcə UNESCO-ya məktub yazmaqla kifayətlənməməliyik. 1990-cı illərdən bəri dəfələrlə müraciət ünvanlamışıq, lakin reaksiya verməyiblər. İşğaldan azad edilən torpaqlarda sayı hesabı olmayan abidələrimiz dağılıb".
Z.Əliyevin qənaətincə, abidələrin qorunması problemi beynəlxalq danışıqlar masasına gətirilməlidir:
"Dövlət başçısının və aidiyyəti qurumlarının Ermənistanı himayə edən dövlətlərə - Rusiya, Fransa və s. birbaşa təsiri olmalıdır. Bunu diplomatik yolla həyata keçirə bilərik. Cənab Prezident siyasi və psixoloji təsir göstərərək ermənilərdən Zəngəzur dəhlizinin çəkilməsinə dair razılıq əldə edib.
Eyni zamanda danışıqlar gündəliyində tarixi və mədəni abidələrin qorunması sənədi olmalıdır. Azərbaycanlıların Ermənistana indi qayıtması mümkün deyil, yalnız 3-10 il ərzində, regionda sülhün bərpasından sonra qayıda biləcək. Ora qayıdanda bizə məxsus bir tikili belə tapmayacağıq. Çünki ermənilər mədəni abidələri silməyə çalışırlar.
Tarixi abidələrimiz sənədləşməlidir. Prezidentin siyasi iradəsi, təsiri daha çoxdur, nəinki UNESCO-nun. Ermənistan tərəfi başa düşür ki, 44 günlük müharibənin qələbəyə aparan İlham Əliyevdir. Dövlət başçısının söylədiyi fikir artıq ermənilər üçün qəbuldur".