"Ermənilərin İrəvanda törətdiyi cinayət bəşəriyyətin gözü qarşısında baş verir. Həmin məkanlardan foto, video və görüntülər var, inkar etmək qeyri-mümkündür. Tarix boyu ermənilər cinayətlər törədiblər, müxtəlif yollarla ört-basdır etməyi bacarıblar. Amma bu gün İrəvanda azərbaycanlıların yaşadığı qədim məskən Təpəbaşı məhəlləsi dağıdılır".
Bu sözləri "Sherg.az"a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu deyib. Azərbaycan mədəniyyəti üçün xüsusi əhəmiyyət daşıyan Təpəbaşı məhəlləsinin taleyi ilə bağlı danşan tarixçi-alim bildirib ki, ictimaiyyətinin hadisəyə verdiyi reaksiya güclüdür:
"Eyni zamanda, beynəlxalq təşkilatlara müraciətlərimizin sayını artırmalıyıq. Birləşmiş Millətlər Təşkilatının müxtəlif beynəlxalq qurumlarındakı nümayəndələrimiz fəallıq göstərməlidirlər. Ermənilər yalnız hərb yolu ilə cinayət törətməyiblər. Azərbaycanın bölgələrində ermənilərin törətdiyi cinayətlər, qədim abidələrimizin dağıdılması, məscidlərimizin təhqir edilməsi ilə yanaşı müharibənin getmədiyi bir ərazidə, yəni İrəvanda Təpəbaşını məhv etməyə çalışırlar.
Onlar mədəni abidələrə qarşı soyqırımın cavabı verməli, təzminat ödəməlidir. Biz həmçinin ermənilərin Qarabağda törətdiyi cinayətlərə görə, onların təzminat ödəməsi məsələsini daha da aktivləşdirməli, gündəmə gətirməliyik. Toplumu isə İrəvanın Azərbaycan torpağı olduğuna yönəltməliyik. Bura azərbaycanlıların qədim yaşayış məskənidir. Təpəbaşının dağıdılmasında məqsəd izləri itirməkdən ibarətdir".
Qeyd edək ki, Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb. Onların arasında tarixçi-alim Nəsiman Yaqublu da var.