Beynəlxalq təşkilatlar ermənilərin İrəvandakı Azərbaycan mədəni irsinə qarşı törətdiyi vandalizmə göz yummamalıdır
"Bu günlərdə Azərbaycanın bir sıra tanınmış elm və ictimaiyyət xadimləri tərəfindən Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlanyıb. Əsas məqsəd UNESCO-nun Cənubi Qafqazda tarixi və mədəni irsin araşdırılması missiyasına həqiqətləri çatdırmaqdır. Onsuz da ermənilərin bu bölgədə heç bir tarixi kökü yoxdur və ona görə də bu coğrafiyada öz irsinin qorunmasından söhbət belə gedə bilməz". Bu sözləri "Şərq"ə açıqlamasında sözügedən müraciətə imza atan “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışinski deyib.
Onun sözlərinə görə, bugünkü İrəvanın tarixi mərkəzi orta əsrlərdə bizim əcdadlarımız, azərbaycanlılar tərəfindən salınmış şəhər olub. Bu, tamamilə dağıdılmış bir şərq müsəlman şəhəri idi: "Hazırda onun yalnız kiçik bir hissəsi qalıb ki, ermənilər həmin ərazini Kond adlandırırlar. Qeyd edək ki, ermənilər kond sözünü Azərbaycan dilindən olan kənd sözündən götürüblər. Bu ərazidə müəyyən sayda köhnə tikililər, hətta qədim məscidin qalıqları da qalmışdı. Lakin indi erməni hökuməti qəfildən Kond adlanan ərazini müasirləşdirmək qərarına gəlib – köhnə tikililəri sökmək və bununla da Azərbaycan İrəvanının orta əsr memarlığının son izlərini məhv etmək. Təpəbaşı məhəlləsinin sökülməsinə bir neçə dəfə cəhd göstərilsə də bu, vəsait çatışmazlığından uğursuz olub. Bu gün yenidən həmin məsələ gündəmdədir. Ancaq Ermənistan gözəl anlayır ki, tarixi şəhərlərimizdən olan İrəvandakı azərbaycanlıların mədəni irsi olan Təpəbaşı məhəlləsinin dağıdılması ilə bağlı həqiqətin üzə çıxa biləcəyi təhlükəsi var. Onlar bilir ki, Ermənistanda paralel monitorinq aparılmasa, YUNESKO-nun heç bir missiyası Azərbaycana buraxılmayacaq".
E.Talışinski həmçinin qeyd edib ki, Azərbaycan dövləti, eləcə də ictimaiyyəti bu monitorinqin əvvəlkilər kimi keçirilməsinə imkan verməyəcək:
"Bizim, Azərbaycanın elm və ictimai xadimlərinin ünvanladığı müraciətdə bütün bu məsələlər geniş şəkildə UNESCO rəhbərliyinə çatdırılıb. Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim "Elin Səsi" milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyi olaraq, biz bugünədək iştirak etdiyimiz beynəlxalq konfranslarda və tədbirlərdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmış, BMT, ATƏT, Aİ kimi təşkilatlara müraciətlər ünvanlamışıq. Bu sahədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi ilə respublikamızın vətəndaş cəmiyyəti institutları olduqca fəaldırlar və öz səslərini dünyaya çatdırırlar. Ümumiyyətlə, erməni vandalizminin izlərinə 30 il işğal altında qalan və rəşadətli ordumuz tərəfindən azad edilmiş ərazilərə səfərlərimiz zamanı rast gəlinir. Tarixi torpaqlarımızda təbiətə, bioloji müxtəlifliyə, su hövzələrinə qarşı ciddi ekoloji terrorlar törədilib, bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılıb. Buna 30 ilə yaxın əsarət altında qalan ərazilərimizdən olan görüntülər və ora səfər edən beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar öz gözləri ilə şahid olublar. 44 günlük müqəddəs qələbəmizdən sonra demək olar ki, dünyanın artıq erməniləri müdafiə edəcək tərəfi qalmayıb. Ümid edək ki, beynəlxalq təşkilat bu məsələyə diqqətlə yanaşacaq və indiki Ermənistan paytaxtının əsl tarixinin son izlərinin məhv edilməsinin dayandırılmasına kömək edəcək".