Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ictimai xadim, publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə "Sherg.az"a institutdan məlumat verilib.
Sessiyanı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açaraq bildirib ki, Ömər Faiq Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biri, Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkirdir. Onun publisistikası “Molla Nəsrəddin”də olduğu kimi satirik olmasa da, XX əsrin əvvəlləri Azərbaycan publisistikasının qiymətli səhifələrindən biridir, bir çox hallarda elmi publisistikadır.
Ömər Faiq Nemanzadənin publisistikasında dövrün ən mühüm məsələləri həm publisist baxımdan bir vətəndaş kimi, həm də elmi baxımdan bir ziyalı kimi qoyulub. Xüsusən ana dili uğrunda mübarizədə satirik tərəfdə bütün mollanəsrəddinçilər, elmi tərəfdə isə Ömər Faiq Nemanzadə dayanır. O, Azərbaycanda qadın azadlığı, Azərbaycan dili məsələsi, Azərbaycan milli-mənəvi varlığının azərbaycançılıq mövqeyindən meydana qoyulmasında nümunə göstərmişdir. Cəlil Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadənin dostluğu “Şərqi-rus” qəzetindən başlanıb. Jurnalla mollanəsrəddinçilərin əlaqələndirilməsində Ömər Faiq Nemanzadə böyük körpü rolunu oynayıb. Mirzə Cəlillə çiyin-çiyinə çalışıb, onun ideallarına sona qədər sadiq qalıb.
“Həmin dövrlər “Molla Nəsrəddin” məktəbi vardı, amma elmi publisistika yeni formalaşırdı. O, Azərbaycanda elmi-analitik publisistikanı yaradanlardan biridir. Ömər Faiq Nemanzadənin əsərləri bir neçə dəfə çap olunub. Onun tədqiqi və əsərlərinin nəşri baxımından mərhum professor Şamil Qurbanovun xidmətlərini ayrıca qeyd etmək istəyirəm. İndi azərbaycançılıq işığında, açılan arxivləri də nəzərə alaraq onun haqqında yenidən yazmağa ehtiyac var. Ömər Faiq Nemanzadə haqqında fotoalbom monoqrafiyanın yaradılması lazımdır. Onun haqqında yenidən dissertasiya mövzusu verməyə, plan işinə salmağa ehtiyac vardır. Bugünkü sessiyaya Ömər Faiq Nemanzadəyə müstəqillik idealları işığında yenidən qayıdış, yeni mərhələnin başlanğıcı kimi baxırıq”, - deyə akademik əlavə edib.
Sessiyada tarix elmləri doktoru, professor Solmaz Tohidinin, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Səadət Vahabova və Gülbəniz Babayevanın məruzələri dinlənilib.
Qonaqlardan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, professorlar Asif Hacılı, Sevda Süleymanova və İstanbul Universitetinin doktorantı, “Çapar” tarix dərgisinin baş redaktoru Dilqəm Əhməd, axıska türklərinin “Vətən” cəmiyyətinin sabiq sədri İsmayıl Rəhimov da sessiyanın mövzusuna uyğun çıxış ediblər.
Sessiyada Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov və ailə üzvü Çingiz Nemanzadə çıxış edərək böyük şəxsiyyətə verilən elmi dəyər üçün minnətdarlığını bildirib.