"Frayburq"un futbolçusu sifətindən ağır zədə alıb

"Frayburq"un futbolçusu Roland Şallai Almaniya Bundesliqasında V turun "Bayer"ə qarşı səfər oyununda ağır zədə alıb.

"Report"un məlumatına görə, 9-cu dəqiqədə meydan sahiblərinin müdafiəçisi Conatan Tah oyun epizodunda butsunun alt hissəsi ilə Şallainin sifətinə zərbə vurub.

Nəticədə macarıstanlı yarımmüdafiəçinin gözü şişib. 5 dəqiqəyədək ilkin tibbi yardım aldıqdan sonra meydanı xərəkdə tərk edən 24 yaşlı futbolçunu U Yon Çen əvəzləyib.

Qarşılaşmadan sonra "Frayburq"un baş məşqçisi Kristian Ştrayx bildirib ki, Şallainin gözü tam örtülüb və göyərib: "Biz çox ümid edirik ki, bu, qançırdan başqa bir şey deyil. Hələ dəqiq heç nə bilmirik. Həkim optimistdir".

Qeyd edək ki, görüş "Frayburq"un qələbəsi ilə yekunlaşıb - 3:2. Almaniya təmsilçisi növbəti görüşünü sentyabrın 8-də Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcək. "Europe Park" stadionunda təşkil olunacaq G qrupunun I tur matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.