HÜSEYN CAVİD ƏFƏNDİ – 140

Hasan müəllimimdən iki xatirə
 
  Hüseyn Abdulla oğlu Rasizadə (1882-1941)
  Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin Azərbaycan ədəbiyyatının görkəmli filosof şairi və dramaturq övladı Hüseyn Cavid Əfəndinin anadan olmasının 140-cı ildönümünün qeyd edilməsi haqqında imzaladığı sərəncam, böyük söz ustadımızın zəngin yaradıcılıq irsinə və möhtəşəm şəxsiyyətinə olan ülvi məhəbbətinin, hörmət və ehtiramının göstərgəsidir. Bu münasibətlə də tanınmış  elm xadimlərimiz və sənət adamlarımız 2022-ci ildə maraqlı məqalələrlə və diqqətəşayan dövlət tədbirləri ilə ustadımızın xatirəsini anmaqla bir çox gizli mətləbləri və dəlilləri də aydınlığa çıxartmaqdadırlar. Bu əlamətdar günlər məni də təşviq etdi ki, iki unudulmaz xatirəmi də mənəvi bir borç  olaraq xalqımıza ərmağan edəm. Öncəliklə ustadlarımıza rəhmət olsun!
Böyük şairimiz Hüseyn Cavid Əfəndinin yubileyi ərəfəsindəki bu mübarək günlərdə, bir zamanlar tələbəsi olmuş, əslən Anadoludan olan və Qədim Gəncə torpağında məskunlaşmış (üç müharibənin iştirakcısı 1941-45 savaşı, Fin müharibəsi və rus yapon müharibəsi), qazi övladımız Hasan müəllimin ixtiyar çağında atam Cəmil Əkbərə məhdud səslə söylədiyi bir əhvalata 1971-ci ildə 16 yaşımda ikən, evində  riyaziyyat fənnindən dərs aldığım zaman təsadüfən qulaq müsafiri oldum.
İLK XATİRƏ 
Günlərin birində verdiyi bir tapşırığı həll etmək məqsədi ilə mən diqqətimi toplayıb məsələni çözmək üçün fikrimi cəmləşdirdiyim əsnada, Hasan müəllim Cavid Əfəndinin Filarmoniyada keçirilən yekun məhkəməsi barədə son ifadəsini atam Cəmil Əkbərə asta səslə nəql etməyə başladı. Qeyri-iradi olaraq fikrim tədricən yayındı və mənim diqqətim o söhbətə yönəldi. Hafizəmdə qalmış o hüznlü hekayəti dəyərli oxucularımıza çatdırmağı Hüseyn Cavid Əfəndi ruhuna hörmət əlaməti olaraq qəbul edirəm. Ustadlara rəhmət olsun. Amin!
Hasan müəllim sözə belə başladı: 
- Cavid Əfəndinin məhkəmə prosesində biz yeniyetmə gənclər idik, bir neçə yoldaşımla Filarmoniyanın kənarındakı münasib ağaclara dırmaşıb məhkəməni uzaqdan seyr edirdik. O dönəmdə bəzi “yazıçı” və “şairlər” Cavid Əfəndinin yaradıcılığına tənqidi münasibət göstərir, onun əsərlərindən pantürkist ab-havası gəldiyini həyasızcasına üzünə deyib, bəzi siyasi məsələlərdə isə nahaqdan şər-böhtan atırdılar. Bu haqsızlığa tab etməyən Hüseyn Cavidə, nəhayət ki, məhkəmənin qərarı ilə son söz verildi. Cavid Əfəndi onlara üzünü tutub qısa bir hekayət söyləməklə o üzdəniraq tənqidçilərə layiqli cavabını verəcəyini onların diqqətinə çatdırdı:
- Payız fəslinin bir günündə erməni cənnətə düşməyin yolunu-yolağını öyrənmək məqsədi ilə erkəndən qalxıb keşişdən məsləhət almaq üçün kilsəyə gedir. Keşiş təşrif gətirmiş erməninin məramını bilib, mətləbini anladıqdan sonra deyir: 
- Bir müslümana sən üç şey dedirdə bilsən cənnətin ortasındasan. 
Erməni tez-tələsik deyir: 
- Mən nə dedirtməliyəm? 
Keşiş bu sözün müqabilində fikrini belə izhar edir: 
- Əgər müsəlmana dedirdə bilsən ki, “Kilsə-məsciddən”, “İncil-Qurandan”, “Nırnı-halvadan yaxşıdır” o zaman özünü cənnətə girmiş bil. 
  Erməni keşişə minnətdarlıq etdikdən sonra böyük inamla tələsik evinə dönür. Yaxınlaşanda təsadüfən evinin yaxınlığında fəqir bir müslümanın boş-bekar veyil-veyil gəzməsi diqqətini çəkir. Məsələnin nə yerdə olduğunu anlayıb ona yanaşır. İş axtardığını biləndə, erməni daxilən sevinir və özünü o yerə qoymayıb onu öz həyətinə aparır. Toprağı şumlamağın əvəzində zəhmət haqqı olaraq pul verəcəyini vəd edir. Kasıb sevincək, beli əlinə alıb erməninin həyət yerini şər qarışana kimi belləyib bitirir. Erməni bu zəhmətin müqabilində razılaşdığı məzənnəni verib deyir:
 - Ay müslüman “qardaş”, de ki, “kilsə məsciddən yaxşıdır”. Müslüman heç gözləmədiyi, xəyalına belə gətirmədiyi bu qəribə sözdən ani olaraq diksinir. Bir qədər duruxub fikirə gedir. Ürəyində götür-qoy edib özü-özlüyündə belə deyir:
 - Hər ikisi də Allahın evidir. Noolar, qoy deyim. Və erməninin istədiyi kimi o sözü təkrar edir. 
Erməni sevincini büruzə verməyib müslümana belə deyir:
 - Nə vaxt pulun qurtarsa yenə gəl. Bəzi görüləsi işlərim yenə var. 
  Müslüman pulu alıb sevinmiş halda özünü ailəsinə çatdırmağa tələsir. Bu minvalla bir neçə gün keçmiş, pulu xərcləyib qurtarandan sonra erməninin sözü yadına düşür. Həmin evə yenə gəlir. Ev sahibi bu dəfə müslümana, ağacın diblərini belləyib yumşaltmağı və həyətdəki meyvə ağaclarının bəzi qurumuş budaqlarını budamağı əmr edir. 
  Müslüman bu dəfə də həvəslə erməninin göstərişini yerinə yetirir. İşin bitdiyini görən erməni bu dəfə də əlindəki pulu müslümana göstərib belə deyir: 
- A müslüman “qardaş”, de ki, “İncil Qurandan yaxşıdır”. Müslüman bir qədər fikrə dalıb, xəyallar aləmində öz-özünə deyir: 
- Hər ikisi Allahın kitabıdır. Noolar, qoy deyim. Və erməninin arzuladığı sözü təkrar edir. 
  Ev sahibi cənnətə yaxınlaşdığının sevincini yaşayaraq məzənnəni bir qədər artıqlaması ilə verib müslümanı razı salır. 
  Aradan daha bir müddət keçir. Müslüman pulu xərcləyib qurtardıqdan sonra yenə üz tutur erməni yaşadığı səmtə. Həyətə daxil olanda erməni həyət-bacada səliqə-səhman yaratmasını, süpürülüb yır-yğış etməsinə göstəriş verir. 
  Müslüman tez-tələsik əlinə süpürgə alıb həyət-bacanı süpürür, xəzəlləri daşıyıb bir yana yığıb, qısa bir vaxtda səliqə-səhman yaradır. İşini bitirdikdə pulunu almaq üçün ev sahibinə yaxınlaşır. Erməni xahiş edir ki, “bir qədər dincəl, çörək ye, sonra gedərsən”. 
  Müslüman tərəddüd etsə də çar-naçar evə daxil olur. Erməni xanımına işarət edib yeməyi gətirməsinin göstərişini verir. 
  Müslüman ilk dəfə gördüyü yeməyin dadına baxarkən anlayır ki, bu yemək bir qəribədir. Sən demə, bu yemək ermənilərin müqəddəs hesab etdikləri yağsız, şəkərsiz, duzsuz olan “nırnı”dır. 
  Aclığını basdırmaq üçün birtəhər də olsa yeməyə başlayır. Erməni ürəyində sevinir ki, keşişin tövsiyə etdiyi üç mərhələnin sonuncusuna gəlib çatıb. Elə bu məqamı fürsət bilib fəqir müslümana yaxınlaşıb ona belə deyir: 
- A müslüman “qardaş”, de ki, “nırnı halvadan yaxşıdır”. Bu sözü eşidən müslüman daha dözə bilməyib əsəbi halda ayağa qalxıb belə cavab verir: 
- Ay erməni, dedin ki, “Kilsə məsciddən yaxşıdır”, mən razı oldum. İkinci dəfə dedin ki, “İncil Qurandan yaxşıdır”, mən ona da razı oldum. Amma nırnı heç vaxt halvadan yaxşı ola bilməz” – deyib, arxasına dönüb baxmadan əsəbi halda oradan uzaqlaşır. 
   Bu hekayəni anlatdıqdan sonra Cavid Əfəndi üzünü o bədxah niyyətli, “yazıçılara” və “şairlərə” üz tutub belə dedi:
 - Mənim yazdığım əsərlər “halva” kimidir, həm yağı, həm şəkəri, həm duzu var. Sizin yazdığınız isə nə yazıq ki, o nırnı kimidir, nə dadı var, nə də tamı var. 
  Bu son nitqindən sonra da Cavid Əfəndini ömürlük gedər-gəlməzə, Sibirə sürgün edirlər.
İKİNCİ XATİRƏ 
  Dərsə davam etdiyim günlərin birində Hasan müəllim yaralı bir türk əsgəri ilə bağlı kövrək xatirəni mənə söylədiyini də heç unuda bilmirəm. Hasan müəllim belə nəql edirdi: 
- Müharibənin qanlı-qadalı günlərindən birində bədənindən qəlpə yarası almış bir türk əsgərini ağır vəziyyətdə hərbi hospitala çatdırırlar. Təcili əməliyyat olunmasına ehtiyac var idi. Yoxsa qan itirmədən dünyasını dəyişə bilərdi. Türk əsgərinin həyatı təhlükə qarşısında idi. Lakin narkozun tapılmaması onun həyatını xilas etməyə mane olurdu. Bu vəziyyəti görən yaralı türk əsgər ağır-ağır nəfəs ala-ala asta bir səslə cərrahdan xahiş edir ki, hər hansı bir musiqi alətində çalmağı bacaran bir kimsəni tapıb gətirsələr, narkoza heç ehtiyac qalmaz. Tibb bacısı bu sözü eşidib hərbi hospitalda müalicə alan döyüşcülərdən birinin əslən türk olduğunu və mondolinada çala bildiyini həkimə xəbər edir. Hərbi cərrahın əmrinə əsasən çox sayda yaralı xəstələr arasında həmin şəxs qısa bir zamanda axtarılıb tapılır və musiqi aləti ilə birgə həkimin hüzuruna gətirilir. Həmin şəxs əməliyyat masasına yaxınlaşıb türk əsgərini bu halda görəndə vəziyyətin çox ağır olduğunu anlayır. Cərrahi əməliyyat masasında ağır-ağır nəfəs alıb əlindəki mondolinaya heyrətlər içində baxıb, acizanə bir səslə Anadoluda məşhur olan bir çox xalq musiqilərini çalıb-oxumağını ondan xahiş edir. Musiqiçi əsgər pəjmürdə halda ölüm-qalım savaşı verən yaralı türk oğlunun xahişini nəzərə alıb əməliyyat masasının kənarına yaxın bir yerdə əyləşib öncə “Üsgüdara gedər ikən” sözləri ilə başlayan “Katibim” adlı qədim xalq mahnısını çalıb ahəstə səslə türk şivəsi ilə oxumağa başladığı zaman cərrah-həkim də xəstəsinin vücuduna saplanmış qəlpəni narkoz olmadan neştərlə kəsib çıxartmağa çalışır: 
“Üsküdara gider iken aldı da bir yağmur, 
Katibimin setresi uzun eteği çamur.
 Katip uykudan uyanmış gözleri mahmur, 
Katip benim ben katibin el ne karışır. 
Katibime kolalı da gömlek ne güzel yaraşır. 
Üsküdara gider iken bir mendil buldum, 
Mendilimin içine de lokum doldurdum. 
Katibimi arar iken yanımda buldum, 
Katip benim, ben katibin el ne karışır 
Katibime kolalı da gömlek ne güzel yaraşır

  “Katibim” mahnısını ifa edib bitirdikdən sonra digər bir havaya keçir. Yəməndə vuruşub şəhid olan qeyrətli, məğrur türk əsgərlərinin əziz xatirəsinə yaranmış “Burası Muşdur” sözləriylə başlayan Yəmən Türküsü adlı “ağını” həzin-həzin çalıb bu sözlərlə ifa edir: 
“Havada bulut yok bu ne dumandır,
Mahlede ölen yok bu ne figandır. 
Şu Yemen elleri ne de yamandır,
Ah o Yemendir, gülü çemendir,
Giden gelmiyor acep nedendir,
Burası Muştur, yolu yokuştur,
Giden gelmiyor acep nedendir 
Kışlanın önünde çalınır sazlar,
Ayağım yalınayak yüreğim sızlar,
Yemene gidene ağlıyor kızlar,
Ah o Yemendir, gülü çemendir,
Giden gelmiyor acep nedendir. 
Burası Muştur, yolu yokuştur,
Giden gelmiyor, acep ne iştir”. 

Daha sonra bir çox sevilən Anadolu  xalq türkülərindən nümunələri çalıb ahəstə səslə ifa edir. Gözü yumulu halda musiqinin sədalarına dinşək kəsilən və özünü tamamilə unudan yaralı türk əsgəri "anestezi" olmadan melodiyanın ecazgar sədaları ağuşunda sanki narkoz almış kimi sakitcə dayanıb, şiddətli ağrılara tab gətirə bilir. Bu minvalla cərrah-həkim, narkoz vermədən xəstəsini əməliyyat edib vücudundan qəlpəni ehmalca çıxarmağa nail olur. Mondolinanın qəmli sədaları müşayiətində əməliyyat beləcə uğurla tamamlanmış oldu. Nəhayət, yaralı türk əsgəri həkimin peşəkarlığı, bacarığı və musiqinin sehirli sədalarının təsiredici qüvvəsi sayəsində son anda ölümün pəncəsindən  xilas ola bildi. 
  Hasan müəllim bu əhvalatı söylədikcə ovqatının dəyişdiyini, kövrəldiyini mənən sezirdim. Hiss edirdim ki, həmin yaralı türk əsgərinin baş ucunda mondolinası ilə çalıb-söyləyən məhz Hasan müəllimin özü imiş. Çünki ilk dəfə “Katibim” türküsünü məhz Hasan müəllimin çalıb söylədiyini 1971-ci ildə evində dərs aldığım bir mübarək gündə dinləmişəm. Hətta məqamı gələndə Hüseyn Cavid  Əfəndinin şeirlərini türk şivəsi ilə necə gözəl ahəstəcə əzbərdən deməsini necə unutmaq olar? Təbii ki, ömrümə həkk olunmuş bu unudulmaz gözəl anlar indi də gözlərimin önündədir. Yaralı türk əsgəri ilə bağlı mənə söylədiyi bu kövrək əhvalatı pünhan saxlamağın da bir mənasının olduğunu çox sonralar özüm üçün dərk etdim. 
 Yeniyetmə çağlarımda Hasan müəllimin bu əhvalatı mənə danışması təbii ki, türk insanının dözümlülüyünü, məğrurluğunu, musiqiyə olan ecazgar sevgisinin, vurğunluğunun mücəssəməsi kimi gözümdə ucaltdı. Həyatda olmuş bu gerçək əhvalatdan sonra özüm də bilmədən türk insanına hörmət-ehtiramım qəlbimi ram, ruhumu fəth etdi. Çünki Türkiyəyə olan ülvi məhəbbətimin yaranmasının təməlini məhz Hasan müəllim adlı bu mübarək insan hələ orta məktəb illərində təhsil aldığım dönəmdə atmış oldu. Bu məhəbbətimin nəticəsi idi ki, Türkiyə və türk insanlarına olan heyrətim, marağım, məhəbbətim mərhələ-mərhələ bu gün belə durmadan artmaqdadır. Ömrümə həkk olan o unudulmaz xatirələrdən  51 il zaman keçməsinə baxmayaraq bir məsələ hələ də məni düşündürməkdədir.  Səmimiyyətimlə etiraf edirəm ki, Sovetlər İttifaqının bir zaman dağılacağını öncədən hiss etmiş, bilmiş olsaydım, təbii ki, Hasan müəllimin ailəsinin Türkiyənin hansı vilayətindən, hansı şəhərindən və ya kəndindən olduğunu öyrənə bilərdim. Təəssüf ki, o zaman bu sual heç xəyalıma və ağlıma belə gələ bilməzdi.

 
İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq Elmləri Doktoru, 
Gaziantep Universiteti Türk Musiqisi Dövlət  Konservatoriyasının Professoru.
Türk Xalq Musiqisinə Xidmət Mükafatçısı

30.10 –2022 saat  18.31 Gaziantep / Türkiyə