"Ahıska türklərinə mütləq sahib çıxmaq lazımdır"

Faiq Ələkbərli: "Ahıska türkləri gec-tez öz yurdlarına geri dönəcəklər"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ahıska türklərinin müdafiəsindən danışıb. Çavuşoğlu bildirib ki, ahıskalılar 78 il əvəvl sadəcə türk olduqları üçün vətənlərindən sürgün ediliblər: "Türkiyə ahıska türklərinin müdafiəsini davam etdirəcək. Əlimizdən gələni edəcəyik".  Qeyd edək ki, Ahıska türklərinin öz ata-baba yurdları olan Cənub-Qərbi Gürcüstandan Orta Asiyaya deportasiya edilməsindən 77 il keçir. 

Bütün çətinliklərə baxmayaraq, bu azsaylı xalq öz türklüyünü qoruyub saxlayıb. Məhz buna görə Gürcüstanı tarixi vətəni hesab edən ahıskalılar ilk növbədə Türkiyəyə öz tuturlar. Türkiyədə yaşayan eyni soylu xalqın mövcudluğu və bu ölkənin ahıskalılarla bağlı köç siyasəti onların axınınına töhfə verən digər iki vacib amildir. Hazırda dünyanın Azərbaycan və Orta Asiya daxil olmaqla 9 ölkəsində 600 minə yaxın ahıska türkü yaşayır. Onların bəzilərində təhlükəsizliklə bağlı narahatlıq və hərbi münaqişənin nəticələri hələ də ahıskalıları öz gələcəklərini yenidən nəzərdən keçirməyə məcbur edir.

Türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə deyib ki, ahıska türkləri də türklüyün önəmli bir parçasıdır. 

Alimin sözlərinə görə, sürgünə məruz qalmış, yerlərindən didərgin salınmış ahıska türklərinə mütləq sahib çıxmaq lazımdır: 

"Biz də ahıska türkləri məsələsini daim gündəmə saxlayırıq. Türkiyə XİN başçısı Mövlüd Çavuşoğlunun da bununla bağlı açıqlaması təqdirəlayiqdir. 78 il öncə sırf türk olduqları üçün sürgün edilmiş ahıska türklərinə Türkiyə də, Azərbaycan da sahib çıxmalıdır. Ahıska türkləri gec-tez öz yurdlarına geri dönəcəklər. Ancaq o vaxta kimi Türkiyə, Azərbaycan, o cümlədən Orta Asiya onların da vətənidir. 

Gürcüstan onlar üçün necə doğmadırsa, illərlə yaşadıqları Azərbaycan və Türkiyə də dəyərlidir. Sürgünə məruz qalmış ahıska türklərinə doğmalıq, diqqət və qayğı hamımızın borcudur. Düzdür, Türkiyədə onlar üçün daha geniş şəraiti yaradılır. Amma ahıska türkləri vaxtı ilə Azərbaycanda "Vətən" Cəmiyyəti yaratmışdılar. Onların bir çox tanınmış simaları var. 

Məsələn, Ömər Faiq Nemanzadə, Əhməd Pepinov və başqaları hər daim Azərbaycanın, bütün türk dünyasının böyük övladları sayılır. Ona görə də ahıska türkləri həm də bizim məsələmizdir".