Lakin İran şahzadəsi olmaq Şahzadə Fevziyyəyə xoşbəxtlik gətirmədi
Misir şahzadəsi, Misir kralı I Fuad və kraliça Nazlı Sabrinin 1921-ci ildə dünyaya göz açmış qızları Fevziyyənin taleyində İran şahzadəsi olmaq varmış. Onu görənləri gözəlliyi ilə fəth edən, gözəlliyi dillərə dastan olan, “Asiya Venerası” ləqəbi qazanmış, dünyanın ən gözəl qadınları arasında adı keçən şahzadə Fevziyyənin həyatı isə evləndikdən sonra kədərli olub, şahzadə acı tale yaşayıb. Fevziyyə 4 bacının ən böyüyü olub.
Sarayda əcnəbi mürəbbiyələrin əhatəsində böyüyüb, yüksək təhsil alıb. Fransız və ingilis dillərini mükəmməl öyrənən şahzadə İsveçrədə ali təhsil alıb.
18 yaşına qədər xoşbəxt həyat yaşayan şahzadənin taleyində dönüş İran şahzadəsi Məhəmməd Rza Pəhləviylə evləndikdən sonra yaranıb. Şahzadə Fevziyyə ilə evlənməyi İran şahı Rza Pəhləvi oğlu, vəliəhd Məhəmməd Rza Pəhləviyə təklif edib. Bu, daha çox siyasi evlilik olub.
O dönəmdə Misir inkişaf yoluna qədəm qoymuş ölkə idi, İran şahı Rza Pəhləvi də qohumluq əlaqələrinin möhkəmlənməsi ilə iki ölkə arasındakı əlaqələrin də möhkəmlənəcəyinə inanırdı.
İki ölkənin ailə çərçivəsində birləşməsindən Orta Şərqin iki qüdrətli dövlətinin yaranacağına əmin idi. Misir şahzadələrinin fotoları Məhəmməd Rza Pəhləviyə göstərildiyində o, Fevziyyəni bəyənir. Fevziyyə isə İrana gəlin getməyi Misirin darıxdırıcı kral sarayından xilas kimi görür. Və evlənməyə razılıq verir.
Lakin onu İranda nələrin gözlədiyindən xəbərsizdi. Fevziyyə ilə Məhəmməd Rza Pəhləvi 15 mart 1939-cu ildə Qahirənin Abdeen sarayında 40 gün 40 gecə sürən toy mərasimi ilə evlənirlər. İl yarım sonra onların ilk övladları dünyaya gəlir. Lakin dünyaya gələn körpənin qız olması İranda o qədər də isti qarşılanmır. İran şah sarayı, xalq da məhz vəliəhd – oğlan uşağının dünyaya gəlməsini gözləyirmiş. Körpəyə Şahnaz adı qoyulur. Körpə 11 aylıq olarkən şah babası taxtdan çəkilir və taxt-tac Məhəmməd Rza Pəhləviyə keçir. Bununla Fevziyyənin çətin keçən günləri daha da artır.
Həyat yoldaşı haqqında müxtəlif söh-söhbətlər eşitməsi, vəliəhd dünyaya gətirmədiyi üçün özünə tuşlanan xor baxışlardan bezən, psixoloji gərginlik keçirən Fevziyyə Misirə qayıtmaq qərarı verir. Şah xanımının qərarına qarşı çıxmır və onu yola salmaq üçün hava limanına gəlir. Film kimi səhnə də elə bu zaman yaşanır.
Xanımını yola salmağa gələn şah qızını bir daha qucaqlamaq, öpmək üçün təyyarənin pilləkəninə gəlməsini istəyir. Nələr olacağını təxmin belə etmədən şahın istəyinə qarşı çıxmayan Fevziyyə qızını atasıyla görüşə göndərir. Şah qızını qucaqladıqda isə təyyarənin qapıları bağlanır.
Ana təyyarənin salonunda, ata və qız isə pilləkəndə qalır. Şah qızını qucağına alıb pillələrdən enir, təyyarə isə Qahirəyə uçur. Fevziyyə qurulmuş bu məkrli plandan daha da sarsılır. İllərlə qızından ayrı qalması onun psixologiyasına daha da mənfi təsir edir. Qahirədə yalnız qalan, acı günlər keçirən Fevziyyə 1948-ci ildə şahdan boşana bilib.
Şah Məhəmməd Rza Pəhləvi isə Fevziyyədən boşandıqdan sonra əvvəlcə Sürəyya Bəxtiyar, sonra isə Fərəh Pəhləvi ilə ailə qurub. Fevziyyə isə 1949-cu ildə Qahirənin Qübbə sarayında çərkəz əsilli diplomat, Kral I Fuadın yavəri İsmayıl Şirin ilə evlənir. Cütlüyün bir qızı və bir oğlu dünyaya gəlir.
Fevziyyə qızı Şahnazla bir neçə dəfə İsveçrədə görüşür. Lakin bu görüşlər ananın ürəyincə olmayıb. Qızı onunla yad insan kimi davranıb. 1952-ci ildə Misirdə inqilab baş verir, kral devrilir. Kral ailəsi üzvləri xarici ölkəyə getsə də, Fevziyyə Vətəni tərk etməyib və Qahirədə qalıb.
Həyatını Misirə və ailəsinə həsr edib. 1994-cü ildə həyat yoldaşı, 2009-cu ildə isə qızı Nadia dünyasını dəyişib. Fevziyyə isə 2013-cü ilin 2 iyulunda İskəndəriyyədə gözlərini dünyaya yumub. Şahzadə Fevziyyə yaşadığı acılara rəğmən həyatda dim-dik durmağı bacardığına, qürurunu itirmədiyinə görə dünya şöhrətli qadınlar arasında bu gün də hörmətlə xatırlanır.