Azərbaycanın ilk qadın pedaqoqlarından Qumru xanım Nərimanova təhsilin inkişafına böyük təhfə verib
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivində Aleksandrinski qadın rus-müsəlman məktəbinin məzunu, öz dövrünün tanınmış qadın pedaqoqlarından biri hesab edilən Qumru xanım Molla Məhəmməd qızı Nərimanovanın həyat və pedaqoji fəaliyyəti haqqında xeyli sənədlər qorunub saxlanılır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin “Bakı - Dağıstan xalq məktəblərinin rəhbərliyi” adlı 309 saylı fondunda Qumru xanım Molla Məhəmməd qızı Nərimanovanın şəxsi işi mövcuddur. Qumru xanım Nərimanova Azərbaycanın görkəmli ictimai siyasi və dövlət xadimi N.Nərimanovun əmisi Əlimirzənin nəvəsidir.
Azərbaycanın bir sıra digər qadın pedaqoqları kimi Q.Nərimanovanın da həyat və pedaqoji fəaliyyəti demək olar ki, indiyədək kifayət qədər, öyrənilməyib. Doğrudur, tarix elmləri doktoru Sabir Gəncəlinin vaxtilə işləyib hazırladığı və 2001-ci ildə “Azərbaycan” nəşriyyatında işıq üzü görmuş “ Qadın, Gözəllik və Ülviyyət” adlı Ensiklopedik toplunun “Nərimanovlar soyadının davamçıları” adlı bölməsində Q.Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilib. Lakin XX əsrin əvvəllərində fəaliyyət göstərən bir sıra digər qadın pedaqoqlar kimi Q.Nərimanova haqqında cəmiyyətimizdə demək olar ki, kifayət qədər məlumat yoxdur. İndiyədək dərc olunan ensiklopediyalarda və ya digər kütləvi nəşrlərdə onun adına rast gəlmək mümkün deyildir. Halbuki Q.Nərimanovanın qadın pedaqoq olaraq Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların savadlandırılmasında, ölkədə savadsızlığın aradan qaldırılmasında, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında müəyyən rolu və xidmətləri var. Qumru xanım ömür yoldaşı ilə birlikdə Bakıda və İmişlidə yaşadıqları müddətdə xalq maarifi işində çalışıb, bir sıra orta məktəblərdə pedaqoji fəaliyyətini davam etdirib.
Arxivlərdə qorunan bu sənədlərdəki tarixi məlumatlar Qumru xanımın pedaqoji fəaliyyəti ilə bağlı mövcud boşluqları müəyyən qədər aradan qaldırmağa imkan verir. Azərbaycanın təhsil tarixində izi qalan, rolu və xidməti olan hər bir müəllim və pedaqoqun ölkəmizdə təhsil və məktəb işinin inkişaf etdirilməsindəki fəaliyyəti öyrənilməli və cəmiyyətimizə çatdırılmalıdır. Q.Nərimanova 3 noyabr 1892-ci ildə Tbilisidə anadan olub. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, 19 dekabr 1912-ci il tarixli iclasda I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə həmin məktəbdə vakant yerini müvəqqəti olaraq tutan Q.Nərimanovanı seçib. Həmin məktubda bu məsələ ilə bağlı Xalq Məktəblərinin direktorunun hər hansı bir etirazının olub-olmadığı soruşulurdu. Bununla yanaşı, Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədri Q.Nərimanovaya Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbi tərəfindən verilən 3 saylı attestatı da təqdim edilir. Həmin sənəddə Q.Nərimanova haqqında aşağıdakı məlumatlar da əksini tapır: ”Milliyyətcə tatardır (yəni azərbaycanlıdır-R.S.), şiə məzhəblidir, 20 yaşı var, 1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirib. Kladbişenskoy və Pozenovskoy küçələrinin tinindəki Cəfərovların 10-№li evində yaşayır”.
Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin vəzifələrini icra edən şəxs Xalq Məktəblərinin Direktotuna ünvanladığı 11 aprel 1912-ci il tarixli 532 saylı məktubda bildirirdi ki, müəllim Səkinə xanım Axundova xəstələndiyindən onun əvəz edilməsi üçün Q.Nərimanova I qadın rus-tatar məktəbinə ezam edilir. Arxiv materialları təsdiq edir ki, Q.Nərimanova Bakı I qadın rus-tatar məktəbindəki vakant müəllimə vəzifəsini tutmaq üçün 16 sentyabr 1912-ci ildə də həmin məktəbə ezam edilib. Bu haqda Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin I rus-tatar məktəbinin müdirinə göndərdiyi 24 sentyabr 1912-ci il tarixli məktub arxivdə qorunub saxlanılır. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.S.Tixorjevskiyə ünvanladığı 5 mart 1913-cü il tarixli məktubunda qeyd edilirdi: ”Məktəb Komissiyası tərəfindən I şəhər qadın rus-tatar məktəbinə müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanın seçilməsi haqqında bu ilin yanvarın 3-də göndərdiyim 13 saylı məlumata əlavə olaraq, Bakı İmperator Birinci Aleksandr adına III kişi gimnaziyasının Pedaqoji Şurası tərəfindən aşağı tədris müəssisələrində müəllim vəzifəsini təsdiq edən və bu ilin fevralın 16-da Nərimanovaya verilmiş 204 saylı şəhadətnaməni də Sizə göndərirəm”. Məktubda Q.Nərimanovaya tatar (Azərbaycan) dili müəllimi adının 16 fevral 1913-cü il tarixində verildiyi qeyd edilir.
Bakı Quberniyası və Dağıstan vilayəti üzrə 2 rayonun müfəttişi S.M.Qəniyevin Qumru xanım Nərimanovaya ünvanladığı 15 aprel 1913-cü il tarixli məktubunda bildirilirdi ki, Qumru xanım Bakı 10-cu rus-tatar məktəbində tatar (Azərbaycan) dilinin tədris etməsi məsələsinə buraxılır və o, bu haqda 1913-cü il yanvarın 17-də Bakı Şəhər Məktəb Komissiyasının sədrinə 12 saylı məlumat da təqdim edib. Məlumat üçün qeyd edək ki, Bakı Şəhər Məktəb Komissiyasının sədri vəzifəsində zamanından asılı olaraq müxtəlif illərdə ayrı-ayrı şəxslər, o cümlədən A.İ.Novikov, M.A.Belyavski, V.A.Makedonski və digərləri çalışıblar.
1916-cı il martın 4-də Bakı Şəhər İdarəsinin Məktəb şöbəsi tərəfindən Bakı qadın I rus-tatar məktəbinin müəlliməsi Q.Nərimanovaya xalq məktəblərinin müəllim və müəllimələrinin kassasında iştiraka cəlb olunması haqqında 445 saylı məktub göndərilib. Həmin məktubda qeyd edilirdi: ”1 iyun 1910-cu il tarixli Qanuna əsasən, ibtidai məktəblərin bütün müəllimlərinin Nazirliyin xalq məktəblərinin müəllim və müəllimələrinin kassasında iştirak etməsi mütləq hesab edilir. Şəhər ibtidai məktəbin müəlliməsi ştatına daxil edildiyiniz üçün əməkhaqqınızın 6 faizi pensiya kassası üçün tutulacaqdır. Sizin kassaya daxil olduğunuzu Xalq Məktəbləri Müfəttişinə bildirmək lazımdır ki, o da öz növbəsində sizi şəxsi kartoçkalı blankla təmin etsin və siz həmin blanka kassa iştirakçısı olmaq üçün tələb olunan məlumatları daxil etməli, ailə və xidməti vəziyyətindəki dəyişikliklər haqqında Müfəttişliyi məlumatlandırmalısınız.
Bu məlumatlar icra edilməsi üçün şəhər məktəblərinin bütün müəllimlərinə təqdim edilir”.
Qadın pedaqoq Qumru xanım Nərimanova 18 fevral 1915-ci il tarixdə Bakı şəhərində Xalq məktəblərinin Bakı –Dağıstan Direksiyasının 2-ci rayonu üzrə müfəttişi S.M.Qəniyevə ərizə ilə müraciət edərək ailə vəziyyətindəki dəyişiklik haqqında məlumat təqdim edib: ”Müvafiq sərəncam üçün nəzərinizə çatdırıram ki, mən 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olmuşam”.
Qumru xanım taleyini Almaniyada ali mühəndis təhsili almış görkəmli mütəxəssis Həbib Kərimovla bağlayır. Həbib bəyin Azərbaycanda qida-sənaye müəssisələrinin əsasının qoyulmasında və inkişafında böyük rolu var.
Qumru xanım da ömür yoldaşı ilə birlikdə Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışır, bir sıra orta məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir.
Onların bu nikahdan 1915-ci ilin avqustun 13-də Murad adlı oğlunun dünyaya gəldiyi haqqında məlumat Qumru xanımın xalq məktəblərinin müəllim və müəllimələrinin kassasında şəxsi hesab bölməsində öz əksini tapır. Qumru xanım Nərimanova H.Z.Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimlərilə, o cümlədən Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Müsabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərib.
Azərbaycanda milli ziyalı qadınlarla formalaşmasında, maarifçilik tariximizdə, dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyavi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin xidmətləri danılmazdır. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində xalqımızın mədəni tərəqqisində, o cümlədən Azərbaycan Xalq
Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak ediblər. Keçmiş Rusiya İmperiyasında müsəlman qızlar üçün ilk dəfə olaraq H.Z.Tağıyev tərəfindən Bakıda açılan məktəbin fəaliyyəti 1918-ci ilin martında daşnak-bolşevik dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən Bakı qırğını zamanı dayandırılıb. Təəssüf ki, Azərbaycan Cümhuriyyəti dövründə də bu məktəbi bərpa etmək ümkün olmadı. Lakin bütün bunlara baxmayaraq, danınmaz bir faktdır ki, XX əsrin əvvəllərində yetişən ziyalı Azərbaycan qadınlarının böyük əksəriyyəti bu məktəbin pedaqoqları və məzunları olub. Ölkəmizdə qızların və qadınların məktəbə, təhsilə cəlb edilməsində qadın təhsilinin inkişafında rolu və iştirakı olmuş maarif fədailərinin, o cümlədən Q.Nərimanovanın da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir.
Qumru xanım ictimai-mədəni həyatda da fəallıq göstərib, dəfələrlə Bakı şəhər və indiki Yasamal rayon sovetlərinə deputat seçilib. Nərimanova yarım əsr müddətdən artıq mədəni-maarif sahəsində səmərəli fəaliyyətinə görə Lenin ordeni ilə mükafatlandırılıb.
Azərbaycanın təhsil tarixində rolu və xidməti olan müəllim və pedaqoqlar unudulmur, böyük hörmət və ehtiramla yad edilir.
Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin
Baş məsləhətçisi