Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərində Osmanlı mirası olan tarixi Mostar körpüsünün yenidən istifadəyə verilməsindən 19 il ötür.
Sherg.az xəbər verir ki, 1566-cı ildə memar Sinanın tələbəsi memar Hayrettin tərəfindən inşa edilən və 1993-cü ildə Bosniya və Herseqovina müharibəsi zamanı Xorvat əsgərləri tərəfindən dağıdılan Mostar körpüsü 19 il əvvəl bərpa işləri tamamlandıqdan sonra mərasimlə yenidən istifadəyə verilib.
Mostar körpüsünün yenidən qurulmasına 1997-ci ildə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və Dünya Bankının dəstəyi ilə başlanılıb.
Macarıstan ordusunun dalğıcları tərəfindən orijinal daşları çay yatağından tapılan və kranlarla qaldırılan körpü 23 iyul 2004-cü ildə İngiltərə kralı Çarlz tərəfindən tikintisi başa çatdıqdan sonra ölkənin bir çox yüksək səviyyəli nümayəndəsinin iştirak etdiyi mərasimlə yenidən istifadəyə verilmişdir.
Zümrüd yaşıl rəngi ilə tanınan Neretva çayı üzərində inşa edilən körpünün tikintisində 456 blok daşdan istifadə olunub. Hündürlüyü 24 metr, uzunluğu 30 metr və eni 4 metr olan körpü Mostar şəhərinə adını verib. Əsrlər boyu Bosniya və Herseqovinada tolerantlıq və mədəni müxtəlifliyin simvolu olan tarixi körpü illərdir idmançılar tərəfindən “atlama platforması” kimi də istifadə edilir. Ənənəyə görə, şəhər kişiləri nişanlılarına cəsarətlərini sübut etmək üçün toydan əvvəl körpüdən tullanırlar.
Tarixi körpü 9 noyabr 1993-cü ildə Bosniya və Herseqovinada müharibə zamanı Xorvatiya tank qoşunlarının körpüyə hücumu zamanı çayın sularına qərq olub.
Turan