Səməd Vurğunun əyləşdiyi parta  -  Qazax Müəllimlər Seminariyasının yeni görkəminə tarixi baxış

Ötən günlərdə Prezident İlham Əliyev Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış oldu. 

Yenidən bərpa edilmiş, yeni nəfəs gəlmiş təhsil ocağına ölkə başçısının səfərindən fotolar mediada dərc olundu. 
Xüsusilə Cənab Prezidentlə ADA Universitetinin rektoru Hafiz Paşayevin bir vaxtlar bu ocaqda təhsil alan, görkəmli şairimiz Səməd Vurğunun əyləşdiyi parta və divardan asılan fotosunun yanında lentə alınan görüntüsü sosial şəbəkələrdə paylaşıldı. 
O fotonu görəndə Vurğunun seminariyaya daxil olduğu günlə bağlı maraqlı əhvalatı xatırladım. 

Qori Müəllimlər Seminariyasının Qazaxda bölməsi açılanda Xalq şairinin 12 yaşı olub. Anasını tez itirən S.Vurğun nənəsi Aişənin himayəsində böyüyüb. Seminariya Qazaxda fəaliyyətə başlayanda nənəsi balaca Səmədin əlindən tutub ora aparır. Firudun bəy xəstə, arıq, qızdırmadan rəngi solmuş Vurğuna baxıb nənəsi Aişəyə deyir:

- Arvad, bu uşağı illət basıb öldürür, bu oxuya bilməz, bundan bir şey çıxmaz, - deyə onu qəbul etmək istəmirdi.
Aişə xanım isə söyləyir:

- Firudin bəy, mənə yazığın gəlsin, bu uşaq nəvəmdir, anadan yetim qaldığına görə bu günə düşüb, - deyə yalvarırdı.

Onun yalvarışları nədənsə Firudin bəyə təsir etmir.

Səməd sağ əlini sol döşünün üstünə qoyub ürəyinə işarə edərək, çox ahəstə bir səslə:
 
- Ah! A Firudin bəy, bircə bilsəydin ki, burda, bu ürəkdə nələr var...

F.B.Köçərli Səməd Vurğunun cavabından sonra onu seminariyaya qəbul edir. 

Sözsüz ki zaman o balaca Səmədi haqlı çıxarır. Özünün də dediyi kimi ürəyində olanlar böyüyəndə onu əvvəlcə Xalqın şairi edir, sonra isə xatirəsini əbədiləşdirib tariximizə yazır.

Bu gün görkəmli şairin cılız uşaq olduğu üçün tərəddüdlə qəbul edildiyi seminariyada onun partası, fotosu bir xatirə kimi saxlanılır. 

Sözümüzün canı, bu yaşı 100-ü keçən təhsil ocağına qədəm qoyacaq gənclərə ən yaxşı nümunə məhz Səməd Vurğun olmalıdır... 

Özünün də dediyi kimi: 

“Demə Səməd Vurğun gəldi - gedərdi,
Unutmaz bu oba, bu mahal məni”.